Avropa Çempionu olan “Qızıl Əlcək” İdman Klubunun idmançıları vətənə döndülər - Fotosessiya

avropa-cempionu-olan-qizil-elcek-idman-klubunun-idmancilari-vetene-donduler-fotosessiya
Oxunma sayı: 742

İtalyanın Liqnano-Sabbadoro şəhərində “Gənclər və yeniyetmələr arasında kikboksinqin WAKO versiyası üzrə keçirilən Avropa Çempionatında çıxış edən “Qızıl Əlcək” İdman Klubunun qalibləri Vətənə dönüblər. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komandanın rəsmi qarşılanma mərasimi keçirilib. Qarşılanma mərasimində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin kollektivi, mətbuat nümayəndələri və qaliblərin ailə üzvləri iştirak ediblər. Bu barədə “Qafqazinfo”ya “Akkord”un İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin Direktoru Afaq Quliyeva məlumat verib.
Qeyd edək ki, sentyabrın 2-9-da İtaliyada keçirilən Avropa Çempionatında müxtəlif versiyalar üzrə 40 ölkənin 800-dən artıq idmançısı iştirak edib. Azərbaycan Yığma Komandası çempionatda 23 idmançı ilə təmsil olunub ki, onlardan 7 nəfəri “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın sponsorluq etdiyi “Qızıl Əlcək” İdman Klubunun idmançılarıdır. Gərgin idman mübarizəsi şəraitində keçən çempionat Azərbaycan Yığma Komandası üçün uğurlu olub. Komanda Çempionatı 4 qızıl, 6 gümüş, 10 bürünc medalla başa vurub. 3 qızıl, 2 gümüş və 2 bürünc medal “Qızıl Əlcək” İdman Klubunun hesabına yazılıb. Ümumi komanda hesabında 20 medalla Azərbaycan Yığma Komandası Çempionatın ikincisi olub.

“Qızıl Əlcək” İdman Klubunu çempionata Klubun baş məşqçisi, boks üzrə Azərbaycanın əməkdar məşqçisi və kikboksinq üzrə dünya çempionu Rəhim Allahverdiyev hazırlayıb.

“Qızıl Əlcək” İdman Klubu 1998-ci ildə yaradılıb. Klub idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə (boks, güləş, karate, kikboksinq, uşu, taekvondo, cudo) fəaliyyət göstərir.

Nigar Məmmədli