“Avropa çöksəydi, acından ölərdik”

avropa-cokseydi-acindan-olerdik
Oxunma sayı: 653

"Azad İqtisadiyyata Yardım" İctimai Birliyinin rəhbəri, iqtisadçı-ekspert Zöhrab İsmayıl "Reytinq"ə deyib ki, Avropada ciddi böhran yoxdur, sadəcə, bəzi media orqanları bunu şişirdirlər. Onun sözlərinə görə, Avropada hazırda əsas problem xərcləmələrlə bağlıdır: "Yunanıstandan, İspaniyadan danışırıqsa, burada önəmli məsələ büdcə kəsiri idi. İtaliya kimi ölkələrdə isə sektorial böhranlardan söhbət gedir. Hesab edirəm ki, Avropa bunun öhdəsindən gələcək. Orda demokratik hökumətlər hakimiyyətdə olur, əgər bu hökumət problemin öhdəsindən gəlməyəcəksə, yenisi gəlib həll edəcək. Ümumi götürdükdə, mən ildə 7-8 dəfə Avropa ölkələrinə səfər edirəm. Nə böhran? Böhran odur ki, dükanlar boş olsun, Azərbaycandakı kimi işsiz insanlar əlində dəzgah iş axtarsınlar. Amma Avropada belə şeylər yoxdur. Bəli, orda işsizliklə bağlı etirazlar olur. Bu da normaldır. Demokratik ölkələrdə insanlar nədənsə narazı olanda etiraz aksiyaları keçirirlər. Bu, 20-30 ildir davam edən bir prosesdir. Büdcənin sosial xərcləri böhranla bağlı kəsilir, insanlar etirazını bildirir, Azərbaycan mediası isə bunu daha çox qabardır".

Bir müddət öncə avronun kursunun aşağı düşdüyünü xatırladan ekspert son dövrlər bu valyutanın yüksəldiyini vurğulayaraq deyib ki, bu da böhranın dərin olmadığını göstərir. Onun sözlərinə görə, avro ilə dolların dinamikasına nəzər yetirsək, ciddi dəyişikliyin olmadığını görərik: "Gəlin, brend tipli neftin qiymətinə nəzər yetirək. Böhran olan məkanda neftin qiyməti aşağı düşməlidir, amma son bir ayda brenrd tipli neftin qiyməti artıb ki, azalmayıb.

Götürək, Avropanın qiymətli kağızlarını - FTSE 100 İndex, yəni yüz Avropa şirkətinin dinamikasını. Bir ay bundan əvvəllə müqayisədə müəyyən artımlar müşahidə olunur. Son üç ayda FTSE 100 İndex-i 5,8-də 6300-ə qalxıb. Budur böhran? Burada söhbət Avropanın yüz top şirkətinin indeksindən gedir. Odur ki, söz azadlığından doğan cari informasiyaları kimsə böhran kimi qələmə verir. Ümumiyyətlə, iqtisadi inkişaf həmişə təlatümlərlə müşahidə edilir, qalxıb enmələr olur. Bu səbəbdən də Avropanın çökəcəyi ilə bağlı deyilənlərin heç bir əsası yoxdur".

Bu prosesin Azərbaycana hansı formada təsirinə gəlincə, Z.İsmayıl Avropanın ciddi böhranla üzləşərək iqtisadi cəhətdən çökməsinin bizim üçün ağır nəticələr verə biləcəyini nəzərə çatdırıb. Ekspert hesab edir ki, Avropa çöksə, Azərbaycan acından öləcək: "Bizim hökumətin dediyi kimi, Avropa çöksə, neftin qiyməti 15-20 dollar olacaq, o zaman da Azərbaycanda böhran baş verəcək. Bu gün Azərbaycan büdcəsinin 75 faizi neftin hesabına formalaşır. Hökumət neftin qiymətini 100 dollardan hesablayıb. Əgər Avropa çöksəydi, neftin qiyməti sürətlə aşağı düşərdi, gəlirlərimiz 5 dəfə azalardı və acından ölərdik".