Avropa Komissiyası Azərbaycanın qərarını alqışladı

avropa-komissiyasi-azerbaycanin-qerarini-alqisladi
Oxunma sayı: 1108


"Qafqazinfo" xəbər verir ki, illik 16 milyard kubmetr qaz ehtiyatını hasil etmək üçün lisenziyası olan Şah Dəniz II qaz yatağı Konsorsiumu qazın Türkiyə sərhəddindən Yunanıstan və Albaniyadan İtaliyaya çatdırılması üçün Trans-Adriatik Boru Kəmərini (TAP) seçmişdir. Türkiyədə tikilməkdə olan yeni TANAP boru kəmərini nəzərə aldıqda, yeni qaz infrastrukturu birbaşa Xəzər dənizini Avropa ilə əlaqələndirəcəkdir. Aİ Komissiyasının Prezidenti Joze Manuel Barrozu deyib: 

 "Cənub Qaz Dəhlizinin Avropa marşrutu olaraq Trans-Adriatik Boru Kəmərinin (TAP) seçilməsi ilə bağlı Şah Dəniz II Konsorsiumunun bugünkü qərarını alqışlayıram. Bu, Avropanın birgə uğuru və İttifaqımızın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsidir. Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycanın Prezidenti Əliyevlə imzaladığım strateji Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi keçid olacaq və zamanla genişlənəcək Cənub Qaz Dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcək". 

 Aİ-nın Enerji Məsələri üzrə Komissarı Günter H. Oettinger deyib: "Qazın yeni xüsusi qaz boru kəməri sistemilə birbaşa Avropaya çatdırılacağı ilə bağlı Azərbaycan öz üzərinə aydın öhdəlik götürmüşdür. Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız var və gələcəkdə daha çox qaz qəbul edəcəyimizdən əminəm." 2009-cu ildə baş vermiş qaz böhranından sonra Avropa İttifaqı öz qaz təchizatını diversifikasiya etməyə çalışır. Strategiyalardan biri Avropa İttifaqının qaz bazarını dünyanın ən geniş qaz depoziti olan Xəzər dənizi hövzəsi və Yaxın Şərqlə birbaşa və fiziki baxımdan birləşdirmək üçün "Cənub Qaz Dəhlizini" açmaq olmuşdur. Prinsipcə, Xəzər dənizindən Aİ-na qaz həm Baumgarten/Vyanaya (Nabucco West), həm də İtaliyaya (TAP) ötürülə bilərdi. Konkret marşrutdan asılı olmayaraq, Avropa Komissiyası hər zaman o faktı vurğulamağa çalışmışdır ki, istənilən variant qazın sonradan Xəzərdən Avropanın digər hissələrinə təchiz olunmasına imkan verməlidir. Avropa İttifaqı həm də gələcəkdə əlavə qaz həcmlərinin daşınması üçün miqyası genişlənə bilən yeni boru kəmərinin Aİ-dan kənarda tikilməsində, eləcə də Avropaya qazın nəqli üçün aydın və şəffaf hüquqi bazanın mövcud olmasında təkid edib.