Avropa Məhkəməsi ilkin qərarını açıqladı

avropa-mehkemesi-ilkin-qerarini-aciqladi
Oxunma sayı: 634

Trend-in Avropa Məhkəməsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Böyük Palata bu şikayəti qəbuledilən hesab edərək, işi məhkəmənin icraatına götürüb. Məhkəmə bundan sonra bu iş barədə qərarını verəcək.

Laçın rayonundan olan 6 məcburi köçkün olan iddiaçılar Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb ediblər.

Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduqları maddi-mənəvi ziyanın ödənilməsini də tələb ediblər. İddiaçılar 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.

Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən, onların məruz qaldığı zərəri kompensasiya etməyib.