Avropa Parlamenti və qiyam

avropa-parlamenti-ve-qiyam
Oxunma sayı: 840


Ermənilər Avropa Parlamentində “Dağlıq Qarabağ qrupu” yaratdılar. Bu xəbər neçə adamın diqqətini çəkdi, neçəsinin narahatlığına səbəb oldu? Müxtəlif növ qəzalara, qalmaqallara həvəslə münasibət bildirən sosial şəbəkə istifadəçilərinin neçəsi bundan yazdı? Narazılıqlar, müzakirələr, mübahisələr yarandımı? Bu pis sürpriz hər hansı rezonans doğurdumu cəmiyyətdə?

Əslində bu suallara cavab verməyə ehtuyac yoxdu, xəbərin oxunma sayına baxmaq kifayətdi.

Təbliğat və tanınma yolunda getdikcə daha sürətlə irəliləyən “DQR” haqqında qrupun rəhbəri Frank Enqel deyib ki, “çoxlarının xəbərsiz olmasına baxmayaraq, Dağlıq Qarabağ demokratik respublikadır”. O çoxları arasında ən çox olanı bizik - azərbaycanlılar.

Orda baş verənlərdən ən çox biz xəbərsizik, bildiyimiz bir budu ki, ora bizdən icazəsiz gəlib-gedənlər var. Bunu da ona görə bilirik ki, rəsmi Bakı işğal faktının ancaq bu tərəfiylə bağlı real cümlələr qurur, qalan məsələlər haqqında sıfır informasiyalı açıqlamalar verməklə məşğuldu. Danışıqların gedişi, Azərbaycana qarşı tələblər, Azərbaycanın tələbləri – bunlar haqqında fraqmental və təxmini informasiyalar ötürülür cəmiyyətə. O da əşhədü-ehtiyac yarananda, yəni hansısa qəbulolunmaz şərtlə razılaşmamaq üçün ictimai rəyi əsas gətirmək zərurəti doğanda.

Yeri gəlmişkən, deputat Qənirə Paşayeva parlamentdə təklif irəli sürüb ki, “Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın və qəbul edilsin. Burada da birmənalı olaraq qeyd olunsun və göstərilsin ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər”.

Burda uzun-uzadı şərhə ehtiyac yoxdu, zənnimcə. Biz məsələni hələ ki, öz parlamentimizdə böyütməyə çalışırıq...

İstənilən halda bu qrupyaratma olayı həyəcan təbili çaldıracaq qədər ciddi məsələdi. İllər uzunu informasiya blokadasından şikayətlənən və bu blokadanı yarmaq üçün dünyanın az qala hər yerində lobbiçilik fəaliyyəti qurduğunu iddia eləyən hakimiyyət Avropa Parlamentində “Dağlıq Qarabağ qrupu”nun yaradılmasına və separatçı bir qurumun müstəqil respublika kimi təqdim edilməsinə imkan verən səbəbləri açıqlamalıdı. Yürütdüyü xarici siyasətin yanlış və səmərəsiz olduğunu heç olmasa özü özünə etiraf edib yeni strategiya seçməli və Qarabağın işğaldan azad olunması üçün gördüyü işlər haqqında nəhayət ki, xalqa hesabat verməyə başlamalıdı.

Əlbəttə, mən fərqindəyəm ki, indiki şərtlər daxilində bu, heç real görünmür. Mövcud hakimiyyət uzun illərdi ki, parlamentdə Qarabağ münaqişəsi üzrə komissiyanın yaradılması təklifini israrla rədd edir, nəinki xalqı, hətta parlamenti də bu məsələlərdən agah etməyi lazım bilmir. Bütün yüksək səviyyəli açıqlamalarda Qarabağ münaqişəsinin həlli üçün seçilmiş xətdən razılıq ifadə olunur və deməli, tezliklə bu yöndə dəyişiklik olacağına ümid eləməyə dəyməz. Hakimiyyət bəyan edir ki, Azərbaycan çox fəal xarici siyasət yürüdür. Yalnız öz milli maraqlarımıza əsaslanaraq müstəqil xarici siyasət yürüdürük və beynəlxalq təşkilatlarda milli maraqlarımızı müdafiə edirik.

Hərçənd hakimiyyətin Qarabağ mövzusunda şikayətləri də var və bu şikayətlər bu “fəal xarici siyasət”in uğursuz olduğunu göstərir. Məsələn, deyilir ki, BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi 20 ildən çox bundan əvvəl qəbul edilib. Lakin həmin qətnamələr yerinə yetirilmir və işğalçı ölkənin bu qətnamələri icra etməsi üçün ona lazımi təzyiq göstərilmir. Bu ədalətsizlikdir.

Xatırladım ki, bu 4 qətnaməni BMT Elçibəy hakimiyyəti dönəmində qəbul etmiş və 1993-cü ilin iyun ayının sonuna kimi də qətnamələrdəki tələblərin yerinə yetirilməsi üçün Ermənisatana vaxt qoymuşdu. Onda proseslər məhz bu istiqamətdə - torpaqlarımızın qeydsiz-şərtsiz azad olunması istiqamətində inkişaf edirdi. Qiyam və qiyamçılar buna mane oldular.