Avropa Şurasında məcburi köçkünlərin məsələsi müzakirə edilib

avropa-surasinda-mecburi-kockunlerin-meselesi-muzakire-edilib
Oxunma sayı: 631

Məruzələrdən birini AŞPA-nın qarşıdakı qış sessiyasının gündəliyinə daxil etmək nəzərdə tutulduğundan həmin mətnin memorandumu və qətnamə layihəsi ciddi şəkildə araşdırılmış və səsverməyə çıxarılmışdır. “Əhali köçürülmələri insan haqlarının pozulması faktı kimi” adlanan həmin məruzəni Litvadan olan deputat Egidiyus Varekis hazırlamışdır.

Müzakirələrdə çıxış edən komitə üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov ilk növbədə məruzənin sərlövhəsində dəyişiklik etmək təşəbbüsünü irəli sürmüşdür. O bildirmişdir ki, əhali köçürülmələri bəzən müəyyən zərurət üzündən, tutalım, hansısa təbii hadisələrlə, yeni şəhərlərin, təzə yaşayış məntəqələrinin salınması ilə əlaqədar da könüllü şəkildə həyata keçirilə bilər. Məruzənin mahiyyəti isə insanların zorla öz daimi yaşadıqları ərazilərdən ayrılmasını hədəf götürür. Ona görə də bu məqam mütləq məruzənin həm adında, həm də mətnində əksini tapmalıdır.

Azərbaycanlı deputatın haqlı təklifi bəyənilmiş və məruzə “Məcburi əhali köçürülmələri insan hüquqlarının pozulması nümunəsi kimi” adlandırılmışdır. Deputat Rafael Hüseynov məruzədəki 21-ci bəndin də həqiqəti əks etdirməyən, tarixi faktları təhrif edən bir maddə olduğundan mətndən çıxarılmasını tələb etmişdir. Həmin bənddə XX əsrin əvvəllərində Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı soyqırımı törədilməsi və onların icbari şəkildə yaşadıqları ərazilərdən köçürülməsindən söz gedir.

Erməni nümayəndəsi çıxış edərək həmin bəndin məruzədə mütləq saxlanması üzərində təkid etdikdən sonra R.Hüseynov söz alaraq söyləmişdir ki, elmi cəhətdən həllini tapmamış, tarixi baxımdan sonadək öyrənilməmiş məsələlərin artıq cavab tapılmış sual kimi belə vacib siyasi məzmunlu məruzələrdə əks olunması doğru deyildir. Gerçəklikdə baş verməmiş uydurma soyqırımı mifini bu qəbil məruzələrə daxil etmək Avropa Şurasının nüfuzuna xələl gətirir.

Vaxtilə Türkiyə Ermənistana təklif etdi ki, biz arxivləri tam şəkildə hər iki ölkədən olan tarixçi alimlərin müştərək araşdırması üçün açmağa hazırıq. Bununla bağlı Avropa Şurasında 100-dən artıq deputatın imzaladığı sənəd də hazırlandı. Lakin Ermənistan bu təklifə müsbət reaksiya vermədi. Ona görə də qəti mövqe bundan ibarətdir ki, əvvəlcə həmin problemlər tarixçi alimlər, mütəxəssislər tərəfindən dəqiqliyi ilə araşdırılsın, yalnız bundan sonra belə məruzə mətnlərinə daxil edilsin. İndiki halda isə bu qəbil siyasi cəhətdən çiy və xətalı təşəbbüslər qarşılıqlı narazılıqlar yaradır, balansı pozur, Avropa Şurası prinsipləri ilə ziddiyyət təşkil edir.

R.Hüseynov məruzədə Azərbaycanla bağlı həqiqətlərin əks olunmamasını da nöqsan kimi vurğulayaraq demişdir:

"Məruzədə yalnız Avropa Şurasına üzv olan ölkələrdə deyil, digər ölkələrdə də baş vermiş məcburi köçürülmələrdən söhbət açılır. Təklif də olunur ki, bu dairə bir qədər də geniş götürülsün. Lakin təəccüblü olan budur ki, Avropa Şurasının üzvü, bu problemlə bağlı ən çox əziyyət çəkən ölkələrdən biri olan Azərbaycan unudulur.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasətinin nəticəsində 1980-ci illərin sonlarında 300 min nəfərdən artıq azərbaycanlı Ermənistanda tarixən yığcam yaşadıqları torpaqlardan zorla qovulmuş, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun zəbt edilməsi ilə bu sıraya daha 700 mindən çox insan əlavə edilmişdir.

Beləliklə, Azərbaycanın Ermənistan tərəfindən məcburi köçürülməyə məruz qalmış 1 milyondan artıq əhalisi olduğu halda, belə bir dəhşətli faktı bilavasitə bu mövzu ilə əlaqədar məruzədə necə əks etdirməmək olar?"

Azərbaycan nümayəndəsi sovet dövründə ayrı-ayrı xalqların, o cümlədən Axıska türklərinin rejim tərəfindən məcburi köçürülməsi, bu xalqların bir çoxunun problemlərinin indiyədək davam etməsinə də diqqət yönəltmiş, məruzəyə bununla bağlı təfərrüatları da artırmağı gərəkli hesab etmişdir.

Hüquqi işlər və insan hüquqları komitəsinin üzvləri bu təklif və iradların ədalətli olduğunu təsdiqləmiş, həmin mülahizələrin nəzərə alınmasının məruzənin yekun mətni və qətnaməsinin daha obyektiv olması üçün kömək edəcəyini bildirmişlər.