Avropada daha bir məscid tikilir

avropada-daha-bir-mescid-tikilir
Oxunma sayı: 646

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Belçikanın paytaxtı Brüsseldə türk və Avropa memarlığının izlərini özündə birləşdirəcək Səlimiyyə məscidinin təməlqoyma mərasimi keçirilib.

Belçikada Avropa Birliyi binaları da daxil olmaqla yüzlərlə böyük layihəyə imza atan tanınmış türkiyəli memar Şəfiq Birkiyənin hazırladığı 750 nəfərlik məscid San Xose Bələdiyyəsi ərazisində 2700 kvadratmetrlik ərazidə inşa ediləcək.

Tədbirdə çıxış edən San Xose bələdiyyəsinin sədri Cean Demannez ibadət yerlərinin inşasına icazə verilərkən hər şeydən əvvəl təhlükəsizlik məsələlərinin nəzərə alınması, şəhərin memarlıq üslubu ilə harmoniya təşkil etməsi və rayonda yaşayan insanların tələbatının qeydə alındığını bildirərək, Səlimiyyə məscidinin bu baxımdan nümunəvi layihə olduğunu vurğulayıb.

Belçika parlamentinin türk əsilli millət vəkili Mahinur Özdəmir, Belçika İslam Mədəniyyət Mərkəzləri Birliyinin sədri Davud Çinar və digər şəxslərin iştirak etdiyi tədbirdə məscidin inşasının 2 il ərzində başa çatdırılacağı qeyd olunub.