Avropada “Erməni işi” adlı hesabat açıqlandı

avropada-ermeni-isi-adli-hesabat-aciqlandi-
Oxunma sayı: 641

Təhlükəsizlik, geosiyasət, iqtisadiyyat və digər sahələrdə məlumatların toplanması və təhlilində ixtisaslaşan, Brüsseldə yerləşən nüfuzlu Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi 2013-cü ilin yanvar ayında “Erməni işi” adlı hesabat açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, mərkəzin hazırladığı sənəd erməni lobbisinin fəaliyyətinin, o cümlədən bu fəaliyyətin anti-Azərbaycan aspektinin tədqiqinə həsr edilib.

Hesabatın 2012-ci ildə Azərbaycanda keçirilmiş “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı Erməni lobbiçilik fəaliyyəti barədə bölməsində vurğulanır ki, Avropa mətbuatının bu tədbirə olan diqqəti Ermənistan və onun lobbisi üçün rəsmi Bakının imicinə hücum etməkdə böyük fürsət olub. Belə ki, hesabatın müəlliflərinin fikrincə “Yerevan Bakının real və ya ehtimal olunan törətdiyi insan hüquqları pozuntusu məsələlərini vurğulamağa və özünün eyni problemlərini kiçiltməyə çox həvəslidir. Beynəlxalq ictimai rəyə təsir etmək məqsədi ilə natamam və ya hətta təhrif olunmuş məlumatın yayılması həmin strategiyanın bir hissəsidir”.
Hesabatda qeyd olunduğu kimi, Erməni lobbisinin Azərbaycanın dövlət imicinə hücumların təşkil edilməsi ilə bağlı fəaliyyəti Avropa Parlamenti və Avropa Şurası kimi təşkilatların Azərbaycana qarşı ikili standart yeridən bəzi üzvlərinin fəaliyyəti ilə üst üstə düşüb.

Hesabatın müvafiq hissəsini diqqətinizə çatdırmaq istərdik. Belə ki, hesabata görə, “Bundestaq üzvü, Cənubi Qafqazla əlaqələr üzrə Parlament Dostluq qrupunun sədr müavini Viola fon Kramon-Taubadel (İttifaq 90/Yaşıllar) da Avroviziya məsələsini Bundestaqın gündəliyinə salmaq istəyini dilə gətirərək, ikili standart tətbiq etdi. “Mən Avroviziya 2012-ni boykot etməsi üçün Avropa İttifaqı ölkələrinə müraciət etməyə çalışacağam”, - deyə o bildirdi. Qeyd etmək lazımdır ki, onun mövqeyi Azadlıq naminə Fridrix Naumann Fondu, Konrad Adenauer Fondu və Fridrix-Ebert-Ştiftunq daxil olmaqla, Almaniyada bir sıra siyasi partiyalar, elmi mərkəzlər və özəl fondların başladığı anti-Azərbaycan kampaniyasına qoşulmuş Yaşıllar Partiyasının yeni ideoloji istiqamətinə birbaşa uyğundur. Bütün bu təşkilatlar Azərbaycanda müxalifət qruplarını açıq dəstəkləməyi davam etdirirlər.

Eyni zamanda, Viola fon Kramon-Taubadel bir neçə dəfə Ermənistana səfər etmiş və bu ölkəyə dostluq və heyranlığını açıq ifadə edib. O, həmçinin Yerevan Dövlət Universitetinin Bundestaqın “Beynəlxalq Parlament Təqaüdü”ndə iştirakının fəal müdafiəçisi olmuşdur. Həqiqətən də Viola fon Kramon-Taubadel 2011-ci ilin noyabrında Ermənistanda elm və təhsil sektorunun nümayəndələri ilə bu proqram çərçivəsində görüş keçirmişdir. Maraqlıdır ki, 2011-ci ildə Ermənistandan 15 təqaüdçünün gəlməsinə baxmayaraq, proqram Azərbaycan tələbələri üçün açılmamışdı. Nəhayət, xatırlatmağa dəyər ki, 2011-ci ilin sentyabrında o, Bundestaqın və Ermənistan milli konqresinin digər üzvləri ilə birlikdə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla görüşüb.
Eyni fikri Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser barəsində də demək olar. Ştrasser də insanları Bakıda keçiriləcək Avroviziya mahnı müsabiqəsinin keçirilməsini boykot etməyə çağırmışdı, belə ki, “Azərbaycanda insan hüquqları pozulur”. O həm də iddia edib ki, “vizaya müraciət üçün zəruri hökumət dəvəti ala bilmədiyinə görə” Azərbaycana səfər edə bilməmişdi. Xatırlatmaq lazımdır ki, Azərbaycan hökuməti bütün Avropa vətəndaşlarının ölkədə yaxşı qarşılandığını bildirmişdi.

Keçmiş Alman kansleri və “Qazprom”-un məsul rəsmisi Qerxard Şröderin yaxın müttəfiqi Kristof Ştrasser Azərbaycana münasibətdə açıq düşmən mövqe tutmuşdur. Bir çox ekspertlərin fikrincə, onun mövqeyi Avropa enerji bazarına çıxışı maneə məqsədi daşıyan strategiya kimi təhlil edilə bilər. Xatırladaq ki, Şröder “Şimal axını” qaz kəmərinin güclü tərəfdarıdır. Əslində Şröder konsorsium layihəsinin rəhbəri təyin edilmişdi. Bu səbəbdən Kristof Ştrasserin Cənubi Qafqazla bağlı siyasi fəaliyyəti “Şimal axını” layihəsi ilə Azərbaycandakı digər potensial enerji təchizatçıları arasında kommersiya rəqabətinin bir hissəsi hesab edilməlidir” .