Avropadakı Azərbaycanlılar toplaşdı

avropadaki-azerbaycanlilar-toplasdi
Oxunma sayı: 641

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qurultayda AAK prezidenti Başar Kömür hesabat məruzəsi ilə çıxış edib. O, Azərbaycan dövlətinə və prezident İlham Əliyevə Azərbaycan diasporuna və onun işinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. B.Kömür bildirib ki, qurultayın işində Avropanın müxtəlif ölkələrindən 61 Azərbaycan diaspor təşkilatı iştirak edir. O, Diasporla İş üzrə Dövlət Komitəsinin AAK fəaliyyətinə daim dəstək verdiyini deyib. B.Kömür AAK-ın yarandığı gündən bəri sürətlə böyüdüyünü, həm öz sıralarını, həm də təsir imkanlarını genişləndirdiyini vurğulayıb. Xüsusi ilə erməni lobbisinin anti Azərbaycan fəaliyyətinin neytrallaşdırılmasında Avropa Azərbaycanlıları Konqresinin ciddi işlər gördüyünü, Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağla bağlı gerçəkliklərin dünyaya çatdırılmasında da əhəmiyyətli addımlar atdığını söyləyib. AAK prezidenti yeni seçiləcək heyətə də uğurlar arzulayıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edib. Ə.Həsənov Azərbaycan dövlətinin AAK-ın fəaliyyətini yaxından izlədiyini, təşkilatın yarandığı 2004-cü ildən bəri 4 dəfə qurultayının keçirdiyini, bu illər ərzində təşkilatın 3 prezidentinin seçildiyini və onların müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini vurğulayıb. Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyada yaşayan azərbaycanlılara həm güvəndiyini, həm də onların dayağı olduğunu vurğulayıb. O, son illərdə ölkəmzin artan qüdrətinin, qazandığı beynəlxalq əhəmiyyətli nailiyyətlərin Azərbaycan dövlətinin düşmənlərini qıcıqlandırdığını, həmin qüvvələri anti Azərbaycan fəaliyyətinə sövq etdiyini deyib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasını qeyri-daimi üzvü və həmin quruma sədrlik etdiyini xatırladan Əli Həsənov həmin qüvvələrin, o cümlədən bəzi mətbu orqanlarının anti Azərbaycan fəaliyyətini neytrallaşdırmaq, ölkəmiz barədə həqiqətlərin olduğu kimi dünya və Avropa ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında AAK-ın 4-cü qurultayının işinə uğurlar arzulayıb. O, AAK-ın 8 illik mövcudluğu dövründə çox önəmli işlər gördüyünü bildirib. Komitə sədri bu illərdə AAK tam mənası ilə diaspor təşkilatı kimi formalaşdığını deyib. Seçiləcək yeni rəhbər heyətə Dövlət Komitəsinin dəstəyini davam etdirəcəyini bildirib.

Ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Belarus Azərbaycanlıları Konqresinin prezidenti Natiq Bağırov, Almaniya Azərbaycanlılarının Koordinasiya mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Beni- Lüks Azərbaycanlıları Konqresinin prezdenti Sahil Qasımov, TADEF sədri Bilal Dündar çıxışlar edərək AAK-ın bundan sonrakı hədəflərindən bəhs edib, Azərbaycan naminə fəaliyyət istiqamətində daha peşəkar və mütəşəkkil iş aparmasının vacibliyini vurğulayıblar. Çıxışlarda Azərbaycan diaspor təşkilatlarının Avropa ölkələrində siyasi çəkisinin də artmasının sevindirici fakt olduğu bildirilib.