Avropalılar içməkdə birincidirlər

avropalilar-icmekde-birincidirler
Oxunma sayı: 643

Təşkilatın Avropa regional direktoru Suzanna Yakab bu günlərdə Bakıda keçirilən regional konfransda Avropada alkoqol qəbuluna qarşı fəaliyyət planının hazırlandığını elan edib.
Dünya Səhiyyə Təşkilatının araşdırmalarına əsasən, dünyada ən çox alkoqol Avropada qəbul edilir. Aparılmış araşdırmalara görə, hər avropalı il ərzində orta hesabla 9,24 litr spirtli içki qəbul edir. Hədd-büluğa çatmış əhalinin təxminən 20 faizi isə mütəmadi alkoqol istehlakçısı hesab edilir. Alkoqol istehlakına görə Avropada birincilik Estoniyaya məxsusdur. Hər bir estonun payına il ərzində 16 litr spirtli içki düşür. Estoniya bu göstərici ilə Çexiya, Rusiya, İrlandiya və Almaniya kimi ölkələri qabaqlayır. Avropada ən az spirtli içkilər isə Türkiyədə içilir.
Son 15 il ərzində alkoqol istehlakı ilə bağlı şərq-qərb tendensiyası müşahidə olunur. Belə ki, Qərbi Avropada spirtli içkilərə meyl edənlərin sayı azaldığı halda, bu göstərici Şərqi Avropa ölkələrində yüksəlməkdir.
DST “Zərərli alkoqol qəbulunun azaldılması üçün fəaliyyət planı (2012-2020)” ilə Avropa ölkələrinə problemin yaratdığı fəsadlar barədə informasiya kampaniyaları təşkil edəcək, eləcə də alkoqolun insan həyatı və cəmiyyətə vurduğu zərərin qarşısını almaq üçün sınanmış konsepsiyalar təqdim edəcək.
Təşkilat tərəfindən üzv ölkələrə spirtli içkilərə tətbiq olunan vergilərin yüksəldilməsi, spirtli içkilər satılan yerlərin sayı və iş saatlarının aşağı salınması, yaş məhdudiyyətinin gücləndirilməsi, sərxoş vəziyyətdə sükan arxasına əyləşən sürücülərə qarşı cəzaların artırılması kimi tövsiyələr verilib.

AzərTAc