Avropanın ailə dəyərlərindən xəbəriniz varmı?

avropanin-aile-deyerlerinden-xeberiniz-varmi
Oxunma sayı: 1619

Dünya Sakit

Sonu qanla və ya qansız bitən ailə münaqişələri barədə məlumatları oxuyuram. Axır vaxtlar lap çoxalan bu məlumatların böyük əksəriyyətində əsas problem kimi əxlaqi məsələlər önə çəkilir. Tərəflərdən birinin, daha çoxsa qadının xəyanəti səbəbindən nəsil-nəcabətin də qarışdığı böyük davalar baş verir, bir çox hallarda isə bu davalar kimlərinsə, əsasən də qadınların ölümü ilə bitir. Hətta ölüm olmayanda belə tərəflərin qarşılıqlı ittihamlarının mərkəzində əxlaq, namus söhbətləri dayanır.

Nə qədər qəribə də olsa, hər dəfə bu kimi hadisələr baş verəndə cəmiyyətin böyük bir kəsimi günahkar olaraq Avropa və onun dəyərlərini önə çəkirlər. Elə uzağa getməyək, bir neçə gün əvvəl Göygöldə baş verən dəhşətli hadisə barədə sosial şəbəkələrdə gedən müzakirələrin ana xəttini qadın xəyanətinin Qərbdən gəldiyinə dair iddialar təşkil edir. Hətta indiyədək müasir düşüncəli olaraq tanıdığım bir ictimai şəxsi “avropalaşmaq-avropalaşmaq deyirlər, alın bu da sizə Avropa dəyərləri” yazan gördükdə heyrətlənməyə bilmədim. Avropanı su yoluna döndərən bir adamın oradakı dəyərlər barədə bu qədər iyrəncəsinə fikirlər yazmasına mat qaldım. Axı o, hər kəsdən yaxşı bilməlidir ki, xəyanət, özü də hər iki tərəfin xəyanəti dünyanın hər yerində qəbuledilməz əməl hesab olunur. Avropada bəyəm bütün qadınlar ərlərinə xəyanət edərək yaşayırlar?! Yəni neçə illər ərzində bəlkə də aylarla vaxtını Avropada keçirən və ziyalı sayılan kəs ailə dəyərlərinə hörmətin Avropada əslində bizdən daha böyük olduğunu görə bilməyib? 

Həqiqət budur ki, Avropada, Qərbdə ailəyə böyük önəm verilir və özünü bu məsuliyyətli həyata hazır görməyən heç kim nikah barədə düşünmür. Gözünü təzə açan, sevginin, ailənin, ərin, cinsi həyatın, uşağın nə olduğunu bilməyən, özü hələ uşaq olan qızları özlərindən onlarla yaş böyük kişilərə ərə verib, bu məzhəkənin adını ailə qoyan bizik, avropalı deyil.  Eyni sözləri ailə-uşaq məsuliyyətini dərk etmədən evləndirilən yeniyetmə oğlanlar barədə də söyləmək olar. Qızının yaşı 20-ni keçəndə dərddən büzüşən, beş manat pul qazanmağı bacarmayan oğluna qız tapa bilməyəndə beli bükülən analar bizimdir. Oğlunu evləndirəndə bütün diqqətini toy gecəsinə yönəldən, “biabır olmaqdan” qorxan, qızını tələm-tələsik başından etməyə çalışan atalar da bizimdir. Məhz bizim olan bu ata-analarımızın, xala-dayılarımızın, əmilərimizin sayəsində tələm-tələsik qurulan ailələrin əksəriyyəti ya boşanma, ya da qanlı davalarla bitir. Sonra da utanmadan hər şeyi atırıq Avropanın, onun dəyərlərinin üstünə.

Əlbəttə, Avropada, Qərbdə qadın-kişi xəyanətinin olmadığını iddia etməkdən çox uzağam. Xəyanət orada da var, olmaması mümkün də deyil. Lakin bizdən fərqli olaraq, avropalı kişi-qadın ailəlidirsə və başqasına hissi yaranırsa, rahatca bunu qarşı tərəfə söyləyərək ondan ayrıla bilir – nə kimsə vay-şivən qoparıb, bütün nəsil-nəcabəti başına yığmır, nə də balta-bıçağa əl atılmır. Bizdə isə hansısa qadının-kişinin gəlib ərinə-arvadına “mənim başqasından xoşum gəlir, səndən ayrılıram” deməsini, qarşıdakının da bunu normal qəbul etməsini təsəvvür edirsinizmi? Halbuki ətrafımızda arvadının-ərinin başqası ilə münasibətini bilib, özünü bilməməzliyə qoyan kişilər-qadınlar az deyil. 

Özümüzün yaratdığımız problemlərə, əsasını qoyduğumuz faciələrə görə yadları suçlamaqdansa, özümüzə, öz etdiklərimizə baxmalı və dəyişməliyik - qızımızı-oğlumuzu ilk növbədə təhsil almağa, müstəqil həyata hazırlığa, müasir dünyagörüşü formalaşdırmağa yönləndirməliyik. İmkan verməliyik ki, yaşamağın, yaşatmağın nə olduğunu dərk etsinlər, sonra evlənmək barədə düşünsünlər. Təhsilin, oxuyub öyrənməyin bir insanın formalaşmasında həlledici rolu var, bu üzdən də övladlarımızı təhsildən kənarda qoymamalıyıq. Hər nə qədər təhsil sistemində rüşvət, korrupsiya olsa belə, uşaqlarımızın gələcəyi üçün bütün gücümüzü onların savadlanmasına yönəltməliyik. Yalnız bu yolla ölümlərin, başkəsmələrin, qətliamların qarşısını ala bilərik...