Avropanın “cool” olmayan şəhəri...

avropanin-cool-olmayan-seheri
Oxunma sayı: 4123

 “Kral klubu”, Kral məbədi, Kral sarayı... Madridi özündə ehtiva edən kəlimələr. Avropanın ən gizli, haqqında çox danışılan, ən məşhur şəhərlərindən biri... Madridi köhnə qitənin qərbində yerləşən digər paytaxtlarından fərqləndirən bir çox cəhətlər var. Məsələn, özünü “cool” göstərən digər Avropa meqapolislərindən fərqli İspaniya paytaxtı daha səmimi şəhər təsiri bağışlayır. Bəlkə də küçələrində Şərq şəhərlərinin bəzi xüsusiyyətlərini  görmək bizi bu cür düşünməyə vadar edirdi...

“Qarabağ”ın təşkilatçılığı ilə səfərə yollananda daha çox sıradan bir təmizliyi ilə ağzımızı açıq qoyan şəhər görəcəyimi düşünürdüm. Lakin “Baraxas” Hava Limanından bizi otelə aparacaq avtobus sürücüsünün Bakı avtoşlarına xas manevrləri fərqli şəhərə gəldiyimizin ilk siqnalları idi. Otelimiz düz şəhərin mərkəzində yerləşirdi. Madrid meydanından 300 metr aralıdakı otelin önündə duranda bütün şəhər gözlərinin önündə canlanırdı. “Tarqovıy”dan daha dar küçələrə sahib uzun meydanın kənarlarında paytaxtımızdan fərqli restoranlardan çox geyim butikləri diqqət çəkirdi. 

Madridi Şərqə bənzədən ən böyük özəllik isə küçələrinin çox çirkli olması idi. İnsanların zibil yeşiklərindən istifadəyə tənbəllik etməsi küçələrin səliqəsizliyinin başlıca səbəbi idi. Prineyin mərkəzində də insanlar siqaret çəkib hara gəldi tullayırlar. Svetafordakı səbirsizlik də ispanlarla bizim oxşar cəhətimiz sayıla bilər. Piyadaların qırmızı işığa fikir verməyərək yol keçməsi, maşınların qırmızıya 1 saniyə qalmasına baxmayaraq çox sürətlə şütüməsi bizə doğmalıq hiss etdirirdi. 

Diqqətimizi isə Avropa ölkələrinə xas olmayan bayraqların şəhərdə daha çox asılması çəkdi. Axı digər ölkələrdə harada gəldi bayraq asmaq, daha böyük bayraqlara sahib olmaq kimi bir ənənə yoxdur. Amma Madrid paytaxtı İspaniya Krallığının sarı-qırmızı rənglərinə boyanmışdı. Hətta insanlar da eyvanlarda 2 rəngli bayraqlarla özlərini tanıtdırmaq niyyəti güdürdülər. Amma sonradan öyrəndik ki, səbəb  bir neçə həftə öncə Kataloniyanın müstəqliyini elan etməsinə etirazdır. İnsanlar bununla ölkənin ərazi bütövlüyünü qorumağa cəhd göstərir, katalonlara qarşı çıxırdılar. 

İspanlarla daha bir ortaq nöqtəmiz hətta yersiz sayıla biləcək səmimiliyimizdədir. Məsələn, elə otelin önündə gün ərzində 100 dəfə mühafizəçinin yanından keçsən də, hər dəfə sənə baxıb gülümsəyir və başını yelləyirdi. Şəhərdə lazım olan bir istiqamətini kimdənsə soruşanda az qalırdı ki, gedəcəyin yerə qədər səni aparsın. 

Madrid ərzaq qiymətlərinə görə bahalı şəhərlər sırasına aid edilə bilər. Hər hansı bir restoranda oturub dönər yemək belə 6-7 avroya başa gəlirdi. Geyimlərin daha çox istehsal olunduğu ölkələr sırasına aid olmasına baxmayaraq yalnız bütün Avropanı bəzəyən “Primark” ticarət mərkəzlərindən başqa heç yerdə ucuz mallara rast gəlmək mümkün deyildi. 

Bakıda pakistanlıların 5 manata satdığı əşyaların isə Madriddəki bazarına afrikalılar sahib çıxmışdı. Yoldan keçənləri çağırıb ucuz geyimləri almağa məcbur etmək kimi bezdirici səsləri adamı yorurdu. Hətta bu “dükanlar” gecələr saat 12-yə qədər işləyirdi. Həmin vaxtdan etibarən isə onları “Qrımızı ev”in sakinləri əvəz edirdi. Avropanın bütün şəhərlərində demək olar ki, mövcud olan fahişə evlərində olduğu kimi burda da çoxluq Şərqi Avropa qızlarına məxsus idi. Rumıniya, Macarıstan, Ukrayna, Belarusiya, Bolqarıstandan olan qadınlar turistləri “ovlamağa” çalışırdı. 

Sözsüz ki, Madridin simvolu bütün dünyanın diqqətini cəlb edən “Santyaqo Bernabeu” stadionudur. 15 ildən çoxdur ki, “Real” azarkeşi olduğumu nəzərə alsaq, bu möhtəşəm arenanı görmədən vətənə dönə bilməzdim. Əvvəlcədən klub mətbuat xidmətindən aldığım icazəyə əsasən saat 12:00-da stadionda məni əməkdaşları qarşılayacaqdı. Həmkarım Ruslan Mikayıllı ilə birlikdə uzun zaman gözlədikdən sonra stadiona girmək üçün icazə verdilər. 

Onu da qeyd edim ki, azarkeş kimi stadiona girmək bələdçi olmadan 25 avro (50 azn), bələdçi ilə birlikdə 34 avrodur (68 azn). 
Əzəməti ilə bütün dünyanı valeh edən 81 min azarkeş tutumuna malik stadionun muzeyinə yollanmaq üçün ən azı iki dəfə yoxlanışdan keçirsən. Turniketlərin önündə isə yüzlərlə insan növbə gözləyir. Vəziyyətin hər gün eyni olduğunu nəzərə alsaq, elə arenanın gəlirləri ən azı 3-4 “Real” futbolçusunun illik maaşına bərabərdir. 

Muzeydə yüzlərlə kubok var ki, bir-bir baxmaq üçün günlər sərf etməlisən. Klubun yarandığı ildən bəri bütün sahib olduğu hər şey ziyarətçilərin görməsi üçün şüşələrin arxasına yerləşdirilib.  Muzeyi gəzib keçdikdən sonra son mərhələdə isə Çempionlar Liqasının 12 möhtəşəm kubokunu görürsən. Ən sonuncusu mərkəzdə yer alıb və digərləri əhətasində şahmat düzülüşü kimi onu qoruyurlar sanki. Muzeyi gəzərkən vətənpərvərlik hisslərimizin güc gəldiyini düşünüb “Land of Fire Azerbaijan” yazılan “Atletiko” formasını axtarırdıq. Bəli, “Real”ın muzeyində iki formadan biri olan Madridin digər təmsilçisinin köynəyi göz oxşayırdı. 

Tribunalara daxil olanda isə insan göz yormayan bir mənzərə ilə qarşılaşır – rəngarəng “Santyaqo Bernabeu”. Boş tribunaları belə adamı vahiməyə gətirir. Hər şeyi zərgər dəqiqliyi ilə işlənən stadionun meydançası üçün ayrılan texnika ilə ölkəmizdə ən azı iki “Bakcell Arena” tikmək mümkündür. 

Hətta soyunub-geyinmə otağında oyunçuların oturacaqları üzərlərinə vurulan şəkillərlə ayrılıb. Arenanın hamamında belə “Kral klubu”nun loqosu yer alır. 

Fikrimcə, “Real”ın ən zəif yeri “fan-şopu” ilə bağlıdır. Qiymətlərin həddən artıq yüksək olub, seçimin az olması xüsusi vurğulanası məqamdır. Hər kiçik detala diqqət yetirən klubun bu məqamda nöqsanlara yol verməsi gözlənilməz idi. 


Arenadan çıxarkən bir daha bu stadionda canlı oyuna baxmaq ümidi ilə ayrıldım. 

“Qarabağ”ın ÇL-də Madriddə qazandığı uğurlu nəticə ilə birlikdə səfərimizin ləzzəti yaddaşımızda silinməz izlər buraxacaq...

Elsevər Məmmədov, Madrid.