Avtobus sürücülərinə tapşırıq verildi

avtobus-suruculerine-tapsiriq-verildi
Oxunma sayı: 1833

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara qış mövsümü ilə bağlı xəbərdarlıq edib. 

“Qafqazinfo” xəbər verir ki, xəbərdarlığa əsasən daşıyıcılar müntəzəm sərnişindaşımaları müvafiq normativ aktlara uyğun olaraq təşkil etməlidirlər. Daşıyıcılara avtobusların daim işlək vəziyyətdə saxlanılması, xüsusilə qış mövsümü nəzərə alınaraq, bir sıra zəruri tədbirlərin yerinə yetirilməli olduğu tapşırılıb. 

Belə ki, sürücülər və təmir-xidmət personalı qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılmalı, istehsalat bazalarında qışa hazırlıq işləri görülməli, avtobuslar mövsüm üçün zəruri olan maddi-texniki baza ilə (şinlərin payız-qış mövsümünə uyğun təchiz olunması, akkumulyator batareyası, təkər zəncirləri, alın şüşəsinin silgəcləri, mayesi və digər), həmçinin, istilik və qızdırıcı vasitələrlə təmin edilməlidir. 

O da qeyd edilib ki, daşıyıcılar sürücüləri mütəmadi olaraq sürüşmə ehtimalı olan yol səthlərində, buzlu döngələrdə, körpü və yol ötürücülərində daha diqqətli olmaları, hərəkət sürətinə nəzarət etmələri və baş verə biləcək hadisələrin qarşısının alınması üçün öncədən tədbirlərin görülməsi ilə bağlı mütəmadi olaraq məlumatlandırmalı, həmçinin, maarifləndirmə işləri aparmalıdır.