Avtobus və yük avtomobilləri istehsal edən zavodun əsası qoyuldu

avtobus-ve-yuk-avtomobilleri-istehsal-eden-zavodun-esasi-qoyuldu
Oxunma sayı: 1592

Bu gün Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin “Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev, İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

Zavodda birinci mərhələdə 500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobili istehsal ediləcək. Birinci mərhələdə 100, ikinci mərhələdə isə 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 10 milyon avrodur. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodun tikintisi Hacıqabul Sənaye Məhəlləsində 5 ha ərazidə həyata keçiriləcək. Müəssisədə Avropa İttifaqı ölkələrinin istehsalı olan avadanlıqlar quraşdırılacaq.

İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 74%, 2019-cu ilin ilk 2 ayında isə 4,5 dəfə artıb. Nazir onu da qeyd edib ki, sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının tərkibində sənaye üzrə işçi qrupunun yaradıla bilər.

Tədbir çərçivəsində “Azərmaş” ASC ilə İranın “Maral Trailer” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə “Maral Trailer” şirkəti tərəfindən ilkin mərhələdə distribütor olaraq 1 il ərzində 500 ədəd müxtəlif qoşquların Azərbaycanda satışının təşkili, sonrakı mərhələdə isə bu cür qoşquların Azərbaycanda istehsalı nəzərdə tutulur.