Avtobusda ağlayan yaşlı qadın...

avtobusda-aglayan-yasli-qadin
Oxunma sayı: 4599

Şərif Ağayar

“Səni deyirlər” mahnısının populyarlığına ithaf olunur

Tarixini dəqiq xatırlamağa xüsusi ehtiyac duymadığım bir zamanda Türkiyənin Malatya vilayətində, böyük, rahat bir avtobusda Arapgir qəsəbəsinin heç zaman düşmənə təslim olmayan yamyaşıl dağlarını seyr edə-edə gedirdim və mənimlə pəncərə arasında yaşlı bir hakas qadını oturmuşdu.

Xatırladım ki, bu yerlər yalnız ərəblər dönəmində işğal olunub və yerli əhali bu faktı işğal yox, mütərəqqi islam dininin gəlişi hesab ediblər. Buna görə ərəblərin şərəfinə qoyulmuş Arapgir (ərəb gir) adını da heç vaxt dəyişməyiblər. Türkiyənin ən qədim məscidlərindən olan Uluosman məscidi də Malatyada yerləşir. Məscidə girəndə özünü orta əsrlərdə hiss edirsən.

Hakas qadını içində ağ halqalar peyda olan yaşıl və yaşlı gözlərini qıyaraq Anadolunun füsunkar təbiətinə inanılmaz sevgiylə baxırdı. O, həm də astadan nəsə zümzümə edirdi. Büzülmüş dodaqlarının və fındıq boyda burnunun köməyi ilə melodiyalar dünyasının elə bir məqamına daxil olmuşdu ki, adamın ürəyinin sarı simini dilləndirirdi. Dağlar dikəldikcə qadının səsi də artırdı, musiqinin nisgili də. O, artıq sözləri dumanlı doğmalığa bürünən gözəl bir dildə oxumağa başlamışdı. Oxudu, oxudu və bu qüssəli mahnının gətirdiyi kövrəkliyə dözməyib astadan ağlamağa başladı. Çox pis oldum. Həm də türkdilli ölkələrin və xalqların qatıldığı şer şölənində Hakasiyanı təmsil edən bir qələm adamının bu sentimentallığı yersiz göründü mənə. Hər şeyi onun yaşlılığına yozub sakitləşdim.

Qadın içimdən keçəni duydu. Gözlərini qocalıqdan təravətini itirmiş titrək əlləri ilə silib gülümsündü, əvvəl mənə, sonra yenə pəncərədən yamyaşıl dağlara baxdı və dedi: “Hakas dili bu yaxınlarda YUNESKO-nun ölməkdə olan dilləri siyahısına salınıb. Bu, hakasların hamısının ölməsi, yaxud tamam ruslaşması deməkdir”. Bir də çevrilib aydın nəzərlərini düz gözlərimə dikdi: “Sizcə, belə gözəl nəğməsi olan dil, ölməyə layiqdirmi?”

Nə deyəcəyimi bilmədim. Onun göz yaşlarıyla oxuduğu mahnı, dediyi sözlər və verdiyi sual məni təntitmişdi. Qadınsa gözlərini çəkmirdi, cavab gözləyirdi. Elə bil hakas dilinin taleyi mənim cavabımdan asılı idi. Özümü ələ aldım və hardan ağlıma gəldisə, belə bir cavab verdim: “Qətiyyən narahat olmayın, nəğmələrə heç kimin gücü çatmaz!”

İllər sonra eyni sözü mənim özümə dedilər. Bu dəfə qonaq deyil, ev yiyəsi qismində idim. Rəsmi qonağımsa Kot-Divuardan (Fil Dişi Sahili) idi. Adını da xatırlayıram: Hien Sie. Mən onu aeroportda qarşılayan zaman ətraflı tanış olmuşduq. Öz ölkəsinin Mədəniyyət Nazirliyində idarə rəisi idi, üstəlik folklor musiqisi ilə məşğul olurdu. Musiqi duyumuna söz ola bilməzdi. Yoldaşlıq etdiyimiz bir həftə ərzində ona bir çox hədiyyələr verdim. Eyni zamanda, Alim Qasımovun bir diskini bağışladım. Gecə oteldə qulaq asıb dəli olmuşdu. İran muğamından xəbərdar idi. Dedi ki, onlara bənzəsə də tamam fərqli və orijinal bir dünyadır.

Sonra özünün məşğul olduğu musiqidən və ölkəsindən danışdıq. Rəsmi dilləri fransız dilidir. Fransızlar orda rəsmən müstəmləkəçilik etməsələr də, Kot-Divuarda onların iradəsindən kənar heç nə baş vermir. Prezidentlərini də yalançı seçkilər keçirən fransızlar təyin edir. Hien Sie şokolad rəngli dodaqlarını həyəcanla titrədərək söylədi ki, fransızlar fillərimizi də soyqırıma məruz qoydular. Fillər belə fransızları yaxşı tanıyır, onlardan qorxurlar.

Kot-Divuarda 200-dən artıq qəbilə yaşayır, hərəsi öz dilində danışır və biri-birini başa düşmür. Fransız dili olmasa mərkəzi şəhərlərdə ünsiyyətə girmək çox çətin olar.

Hien Sie qəribə istedadla söylədi ki, ana dilimiz də fransızların işğalına məruz qalıb, sözlərimizi ağzımızda həlak ediblər.

Bu zaman özümü saxlaya bilmədim, dedim, bəs siz hansı musiqi ilə məşğul olursunuz? Olmaya Afrika musiqisi də fransız dilində oxunmağa başlayıb. Hien Sie gülümsündü: “Ey mənim müsəlman dostum, yadında saxla, bu dünyada bircə nəğmələrə qalib gəlmək olmur!”

İngilislər isə bayaqdan yazdığım mətləbləri rəsmən bəyan etmişdilər: “Əgər hind musiqisi olmasaydı, Hindistanı yüz il də kölə kimi saxlaya bilərdik”. Bəli, bütün varlığı özündən güclü, qüdrətli bir ölkənin qədəmlərinə sərilən milyarda yaxın insanın yalnız mahnıları diri qalmışdı və bütün Hindistanı dolaşaraq son azadlıq işartısını sönməyə qoymurdu.

Mahnılar nazilib-nazilib üzülmək üzrə olan haqqın heç zaman üzülməyən yeridir. Mən indi bu kəlmələri yaza-yaza sovetin dəmir pərdəsini yırtıb keçən mahnıları düşünürəm. Köçəri quşlar kimi sərhəd tanımayan, könüldən-könülə köçən, dildən-dilə qonan nəğmələri... Kim bilir bəlkə, quşlar da öz nəğmələriylə xəbis insanlardan qorunur, ətraflarında sirli bir halə yaradırlar.

Məncə, nəğmələr təkcə səslə yayılmır, onlar ruh, düşüncə şəklində də insandan-insana keçir. Qəfil bir filmdə, bir tamaşada peyda olur, yaşlı bir adamın zümzüməsində səslənir, bir əsgərin, bir dustağın, oğlu şəhid olan bir ananın, edama gedən bir şairin dodağına qonur. Bəzənsə, naməlum yerdən -  hansısa maşından, ofisdən, mağazadan, ya yaxın ad günü, ya uzaq toy məclisindən axıb qulağına çatır, ruhuna hakim kəsilir. Dilini bilməsən də, sözlərini aydın eşitməsən də, ahənginə yoluxub özün də hiss etmədən onun daşıyıcısına çevrilirsən. Aeroportdan yola saldığın dostunun yanında bir-iki saniyəlik zümzümə eləməklə onu asanlıqla yer kürəsinin o biri üzünə göndərirsən. Hələ bir dünyanı əl boyda ekrana yerləşdirən müasir texnologiyalar dövrü ola...

Yüz ağrını bir melodiya daşıyır, ötürür, paylaşır, dünyanın harasında olur-olsun onu anlayan, duyan bir əhli-hal tapır.

Sizi bilmirəm, mən qəti şəkildə əminəm ki, tanrı da gözəl mahnı eşidəndə əlini çənəsinə qoyub diqqətlə qulaq asır və o mahnının oba-oba, el-el, ölkə-ölkə dolaşıb könüllərdə yuva qurmasına kömək edir.

Nəğmələrinizi qoruyun, bunu bacarsanız sizə ölüm yoxdur.