Avtobuslar niyə gecikir?

avtobuslar-niye-gecikir
Oxunma sayı: 1724

2017-ci ildə sərnişinlərlə kobud davrandığı və yol verdiyi xətalara görə 154 sürücü işdən azad olunub. 2018-ci ilin 6 ayı ərzində isə 85 sürücü işdən kənarlaşdırılıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BakuBus" MMC-nin durektor müavini Azər Qasımov deyib.

Onun sözlərinə görə, marşrut sürücülərinin sərnişinlərlə münasibətinə xüsusi diqqət yetirilir: "Bundan başqa, bu vaxta qədər 300-dək sürücü töhmət və xəbərdarlıq alıb. Bəzən həmkarlar təşkilatının qərarı ilə qaydalara riayət etməyən sürücüləri işdən azad edirik".

Azər Qasımov  həmçinin "BakuBus" MMC istifadəsində olan marşrutlarda bəzi hallarda avtobusların gecikməsinə də aydınlıq gətirib: “Bu prosesdə avtobus sürücüləri günahkar deyil. Problem şəhərin bəzi küçələrindəki tıxaclardır. Tıxaclarda avtobuslar yubanır və nəticədə intervallarda gecikmələr baş verir. Bəzi hallarda isə avtobus dayanacaqlarında taksi sürücülərinin dayanması avtobusların dayanacaqlarda dayanmasına mane olur. Bu proses də sonda dayanacaqlararası intervallarda gecikməyə səbəb olur".