Axmaq suallarla camaatı imtahana çəkir...

axmaq-suallarla-camaati-imtahana-cekir
Oxunma sayı: 2654

Raminə Eyvazqızı

Bir neçə il əvvəl əlimdə telelayihə Space-in qapısını döydüm. Telekanalın proqram rəhbəri İman müəllimlə görüşdüm. O, Space üçün tək yaradıcı, həvəsli olmağın əhəmiyyətsiz olduğunu bildirdi. Əla bilirdim ki, tanışlıq, qohumbazlıq yuvasındayam. İman müəllim, əliboş qaytarmadı məni, Space-dən kənarda tv məhsul istehsal edən şirkətə getməyimi məsləhət gördü, adını heç çəkmək istəmədiyim şirkət rəhbərinin telefon nömrəsini verdi. Əlaqə yaratdım, görüşə dəvət olundum, gözəl qarşılandım, telelayihəmə baxıldı, sözlər-vədlər verildi. İki gün sonra görüşəcəkdim, amma həmin şəxs telefonlara cavab vermədi, sonra ölkədə olmadığını dedi. Məsələ aydınlaşdı, prodakşn rəhbəri elə bilirmiş ki, mən İman müəllimin yaxınıyam...

Dünən Televiziya və radio günümüz idi. Kaş ki, biz bu günü bayram kimi keçirə bilərdik. Evində bahalı, ya da krediti hələ bitməmiş televizoru olanlar üçün bayramın da elə əhəmiyyəti yoxdur. "Tv-yə baxmıram" deyənlərin də bir başqadır dərdləri. Ancaq ötən əsrdə televizoru heyrətlə seyr edən, ağ-qara rəngli ekrandan möcüzə gözləyənlər, o qutunun qiymətini bilərlər. İndiki nəsilə ha deyəsən ki, kəndə bir televizor gələndə camaat ona baxmaq üçün əldən-ayaqdan gedib həyəcanlanırmış. Anlamazlar, bilməzlər. 

Teleradiojurnalistika ixtisasına ona görə yiyələnməmişdim ki, bu gün tv-lərdəki səviyyəsiz, keyfiyyətsiz verilişlərə baxıb ürəkbulantısı keçirim. Səsimi də çıxaranda "orda işləyə bilmirsən deyə, qıcıqlanırsan" desinlər. Tv-də çox qısa zamanda işləmək imkanım olub, amma onda da eyni ürək bulantısını keçirmişəm. Cümlə qura bilməyənlər, orta təhsilini tam bitirməyənlərin əl içində tutulmalarını, qucaqlarda oturmalarını görmüşəm. İndi televiziyada işləyən, maraqlı veriliş ərsəyə gətirən, sayıla bilən layiqli insanlara deyəcək sözüm yoxdur. Amma vaxtiylə bilsəydim ki, bu gün Tolik, Nazənin kimi insanlar efir vaxtını ələ alıb aparıcılıq edib, ekrandan dərs verəcəklər, heç 90-larda M.F.Axundov kitabxanasının alaqaranlıq, tozlu zallarında ən azı gözümdən, canımdan olmazdım. Sözün düzünü deyən tv mütəxəssisləri alabaydaq olunurlar. Tənqid edənlər TV məkana can yandırır, əvəzində dilbilməzlər qürurlandırılır. Və az əvvəl itirdiyimiz tv nəhəngi Rafiq Hüseynovu torpağa verəndə ona edilən haqsızlıqdan ağızdolusu danışırıqsa, teleməkana yazıqlar olsun. Biz ustaları sevmirik, biz yaradıcı, öyrədən insanlardan vərəmli xəstədir kimi qaçırıq. Savadlı, peşəkarlar naşıların, qanmazların güdazına gedir. Radio açırsan, biri sərsəmləyir, axmaq suallarla camaatı imtahana çəkir. Tv kanala çevirirsən çoxluqla 250manat(ən azı) verib özünü göstərən, həkimi, müğənnisini, hətta mənasız problemi olan insanı görürsən. Adama elə gəlir ki, bu insanları göstərənlərin də ciddi sağlamlıq problemi var. SOS xarakterli sosial videoçarxa (bünyada belə çarxlar ödənişsizdir ) 300 manat istəyən tv üçün ölkənin canı cəhənnəmə, başlarını qatırlar da. Çoxunuz xəstəsiz, yazıqsız vallah. 2018-ci ilə yaxınlaşırıq, hələ də anlayıb dərk etmirlər ki, tv-nin əyləndirmə vəzifəsi bu boyda olmaz. TV bu qədər saxta, düşük, biganə publika yoğurmaz, bişirməz! Dünyada tək telekanal sizdə deyil ay rəhbərlər, bir ətrafa baxın, boylanın. Maraqlı, mənalı olun, düşündürün, alağınızı təmizləyin!!!