Axsaq təhsilin repetitor biznesi

axsaq-tehsilin-repetitor-biznesi
Oxunma sayı: 2372

Raminə Eyvazqızı

Uşaqların uşaqlığını almaq üçün təhsili bu qədər bataqlığa çevirmək lazım deyildi. 4-5 yaşından kurslarda vaxt itirməklə 1-ci sinif müəlliməsinin işi yüngülləşdirilir, yoxsa dünyada çoxdan sınaqdan çıxmamış kurikulum sistemi ilə ayaqlaşırıq? Məktəbdə “yaxşı 1-ci sinif müəllimi” qrupu üstündə dava gedir. Yenə də, uşaqlarımızı şəxsiyyət kimi yetişdirməkdən çox, onların “5” qiyməti alması üçün hazırlıq kurslarında, müəllim yanında günlərini çürüdürük. Güya alim yetişdiririk. Hər valideynin arzusu övladının dərslərində qabaqcıl olmasıdı. Sözsüz. Amma uşaqların hamısının alim, əlaçı olması mümkün də deyil axı. Bacarırsınızsa, əvvəlcə uşaqların beyin, qavrama sistemini dəyişin. Bu kişilər niyə başa düşmürlər ki, insan beyninin qavrama mərhələləri var. 5-7 yaşlı uşağın termin əzbərləyən vaxtı deyil.

Sovet vaxtında valideyn arzuları dalınca gedən uşaqlar yarıyolda qaldı, özü olmadı. Bəlkə də indi ozü üçün əriştə kəsə bilməyən həmin böyümüşlər bizlərə umac hazırlaya bilmirlər. Və bu övladını güya yarıtmaq istəyənlərin təşşəbbüsləri davam edir. Hamı uşağını hazırlıq kurslarına aparır. Yerli-yersiz. Əgər təhsil müəsisəsi kurikulum bəhanəsi ilə dərsləri müəllimələrə yox, uşaqlara və valideynlərə yükləycəksə, bunun harası məktəb oldu. Misal üçün, “Azərbaycan tarixi” fənnindən Atropatena dövləti ilə bağlı dərs keçilir. Müəllim ev işi kimi məktəbliyə mətnə əlavə sual verməyi, internetdən məlumat tapıb yazmağı tapşırır. Məgər, hər evdə internet varmi? Elə internetdə olanlar tarix müəlliminin biləcəyi məlumatlar deyilmi? Yoxsa, müəllim özü dərsliyin yarıtmaz və yarımçıq olduğunu təsdiqləyir? Yaxud, başqa bir nümunə. “Həyat bilgisi” dərsliyindən keçilən mövzu maddələr haqqındadır, evə verilən tapşırıq isə “Ailə ünsiyyəti” mövzusunda essenin yazılmasıdır. Bu mövzuların kimlər tərəfindən uzlaşdırılması və proqrama salınması adamı kütbeyin vəziyyətə gətirir. Çox valideynin başı pul qazanmağa qarışıb, uşaqların dərslərinə vaxt ayırmaq qalsın, nəzarət belə edən yoxdur. Hər ailədəki valideyn təhsilli, savadlı olmur ki, bəzi məqamlarda tapşırıqlara əlavə şərh versin, uşağına yardımçı olsun. Təhsilli olanlar bəzən dərs materialını qavramaqda, həll etməkdə əziyyət çəkirlər. Uşaqlar dərsdən yox, tapşırıqların öhdəsindən gəlməyəndə bezirlər. Güya iş dəftərini ləğv edirlər. Kim harda, kefi necə istəsə test yığını çap edir. Biabırçı dərsliklər, məntiqsiz müəlliflər.

30-32 nəfər olan sinifdə hansı uşağa dərs danışmaq növbəsinin çatdığını, ya çatacağını heç kəs bilmir. Vicdanlı müəllimi bacarmır, bəzisi 5-6 yaxşı oxuyana dərs keçməklə onları qabağa verir. Təəssüf ki, saysız potensialı olan uşaq kəsf edilmir, qabındakının dadına baxılmır. “Başı var, özü oxumur”, “fərdi hazırlaşmalıdır” bəhanələri səslənir. Müəllimlər bir-birinə repetitor kimi pul qazandırır. Biri-birini yalandan tərifləyir. Şagirdə verməli biliyi fərdi dərsə saxlayırlar. Valideyn də başlayar, repetitor pulunu vermək üçün boğazından, geyimindən kəsməyə. Aşağı siniflərdən repetitor axtarır. Axı niyə?

10-11-ci sinif şagirdinin valideyni təşvişə düşür. TQDK ekspertlərinin çoxu əl-əl axtarılan məşhur repetitorlardır. Həmin “TQDK eksperti” titullu pedoqji fəaliyyəti, stajı çox halda yüksək olmayan müəllim fərdi biznesini genişləndirir. Bu səbəbdən də abituriyent yiyələri repetitor seçimində müəllimin kiçik bir əlaqə ilə də olsa qəbul komissiyası ilə bağlılığına fikir verir. Hələ bunkerə düşən ekspertlə taniş olmaq valideyn üçün böyük şans və şərəfə çevrilir. Hətta belə repetitorların qrupuna düşmək üçün bir neçə il əvvəl növbəyə dayanmaq lazımdır. Repetitor üçün ailəliklə pul qazanan valideyn övladı qarşısında “mütləq tələbə olmalısan” öhdəliyini qoyanda artıq hər şey bitir. Tələbə olmayanın utancı böyüyür, hətta utancdan özünə qıyan da olur. Dağ kəndində təkbaşına oxuyan uşaqsa tələbə olur.

Fikrimcə, repetitor dəbini yeni təhsil sistemi qəsdən böyütdü. İş o yerə qalıb ki, ingilis dili müəlliməsi(bir ali təhsili var) riyaziyyat fənni üzrə uşaq hazırlaşdırır. İbtidai sinif müəlliməsi repetitor yanına gedib indi özü kimya üzrə fərdi dərs verir. Fərasətli və savadlı müəllim maaşının qalxmasını heç gözləmir də. Təhsilimiz vaxt keçirir. Uşaqları oxumağa qoymurlar. “Kurikulum”- “yol demək idi. Biz o yolu gedə bilmirik.
87 yaşlı amerikalı filosofun fikri tam bizə aiddir. Elvin Toffler :“21-ci əsrdə savadsız olan kəs yazıb, oxumağı bilməyən yox, öyrənməyən və öyrətmək istəməyən olacaq.”