“Ay nazir, sən görmürsən bunları?”

ay-nazir-sen-gormursen-bunlari
Oxunma sayı: 3033


“Bizdə yaxşı bir misal var: ”Aşığın sözü qurtaranda dalay-dalay vurur". Bunların oxumağı artıq bitib. Baxın heç Aybəniz Haşımovadan, Aygün Bayramovadan, Nisə Qasımovadan, Mələkxanım Əyyubovadan belə söz eşitmək olar? Yox, təbii ki. Çünki bu adamlar oxumaqla məşğuldurlar”. 

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bunu müğənni Əli Mirəliyev Nazəninlə Təranə Qumralın qarşıdurmasına münasibət bildirərkən deyib: “Mən şəxsən Nazənini tanımırdım. Təranə Qumralı da ona görə tanıdım ki, Təranənin Musayla konserti olmuşdu. Orada çıxış edəndə bildim ki, Təranə adlı müğənni var. Mən müğənni ola-ola bunları tanımıram. Çünki qulaq asmırdım. Onların ifa etdikləri Azərbaycan musiqisi deyil, tamamilə başqa  şeydir". 

Mirəliyevə görə, millət artıq ayılıb və başa düşür ki, belələrininki oxumaq deyil: “Əli Mirəliyev neçə ildir deyir ki, ara mahnıları yox, Azərbaycan milli musiqilərimizi oxumaq lazımdır. İndi bunlar görürlər ki, yaddan çıxırlar, gündəmdən itirlər, başlayırlar qalmaqalla gündəmə gəlmək. Yaxşı müğənni heç vaxt bu yolla gündəmə gəlməz. Atlarla itlərin bayramıdır. Nazənin mənim zövqümdə olan müğənni deyil. O ara-sıra xalqların musiqilərini oxuyur. Onlar Azərbaycan bəstəkarlarının musiqilərini, muğamlarımızı oxuya bilməz. Onların bizim heç xalq musiqilərimizdən xəbəri yoxdur. Bir sözlə, biabırçılıqdı”. 

Ə. Mirəliyev hesab edir ki, təkcə sözügedən müğənnilər yox, o janrda oxuyan bütün müğənnilər biabırçı haldadır: “Bu halların qarşısını almaq üçün keçmişdə olduğu kimi bədii şura yaradılmalıdır. Bədii şura olmasa da ən azından bir qurum yaradılmalıdır ki, bunları təmizləsinlər. Bəstəkarlar, şairlər, müğənnilər bu qurumda oturub həmin müğənnilərin səsini yoxlamalıdır ki, bunlar efirə yararlıdırmı? Yaxşı, musiqimizi korlayırsınız-korlayırsınız, bu gənclərimizi niyə korlayırsınız? Onların həyata baxışlarını korlayır və bu gənclərdə inamsızlıq, boşluq əmələ gətirirsiz. Bunlar bir-birilərinə efirdə çıxıb söyür, ağıllarına gələni danışırlar. Oxumaq qalıb qıraqda, ər üstündə dalaşırlar. Ay nazir, sən kar-korsan, görmürsən bunları? Niyə almırsan onların qarşısını? Bəsdirin də, axı musiqimiz batır, ölür, dilimiz dəyişilir, kökümüzdən uzaqlaşır, yadlaşırıq. Azərbaycanın evini yıxmayın”.