“Ayağımı üstünə qoydum, sonra gördüm ki, ölüb”

ayagimi-ustune-qoydum-sonra-gordum-ki-olub
Oxunma sayı: 2304

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə, hakim Azad Məcidovun icraatında olan prosesdə ifadə verən F.Şaqalıyev arvadını öldürmək istəmədiyini deyib: "Sadəcə bir yumruq vurdum yıxıldı, ayağımı  üstünə qoydum. Sonra gördüm ki, ölüb". 

F.Şaqaliyev özünü pis hiss etdiyini deyərək geniş ifadə vermək istəməyib. 

Mərhum Gülnarə Sadıqovanın anası Gülər Sadıqova ifadə verib. O deyib ki, qızının Fərhadla yaşamasına razı olmayıb: "Onların münasibətlərini təzə başlayanda Fərhadın evli olduğunu bilmirdim. Bunu öyrənəndə qızıma dedim ki, sizin evliliyiniz baş tutmaz. Gülnarə isə Fərhadın arvadı ilə rəsmi nikahının olmadığını dedi. Qızım Sabunçu rayonundakı evini satmaq istəyərkən Fərhadla tanış olmuşdu, sonra da həmin evi satıb 30 min manat pulu ona verdi ki, özləri üçün ev tikdirsin. Amma Fərhad pulu xərcləyib yoxa çıxarmışdı. Son günlər davaları da həmin pula görə olurdu. Gülnarə Fərhadla tanış olmadan əvvəl iki dəfə evlənib boşanmışdı. Hər iki evliliyində də uşağı olmuşdu. Mən indi Fərhaddan həmin 30 mini tələb edirəm. Balam ölüb, balası da başsız qalıb. Pulu versin, ona bir daxma düzəldim". 

G. Sadıqova qızı Gülnarənin Fərhadla rəsmi nikahla evləndiklərindən xəbərsiz olduğunu deyib: "Toyları olduğunu bilirdim, çünki toydan şəkilləri görmüşdüm. Amma özüm iştirak etməmişəm". 

Mərhum G. Sadıqova gəlinlik paltarlarının satışı və kirayəsi, sonra isə xırdavat satışı ilə məşğul olub.

Proses aprelin 25-də davam etdiriləcək. 

İttihama görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızını boğaraq öldürüb. 

50 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyib, onun nəfəsini kəsərək öldürüb. Hadisə vaxtı F.Şaqaliyev sərxoş  olub. 

O bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. 

Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır. 

Murad Əhməd