Aydanın intiharı

aydanin-intihari
Oxunma sayı: 3623

Xuraman Hüseynzadə

Onun da arzuları vardı. Oxuduğu məktəbin direktoru deyib ki, ən böyük arzusu universitetə daxil olmaq idi. Arzularını da yığıb getdi Aydan. Gedişilə bir mesaj göndərdi hər kəsə: insan yaşamaqdan yox, ümidsizlikdən bezir. 

Yazırlar ki, ailəsinin maddi durumu ağır olduğu üçün intihar edib Aydan. Həkimə getməyə pulları olmayıb. Anası onun arzuları qarşısında aciz qalıb. “Ana məni bağışlayın, sizə yük ola bilməzdim”-yazıb Aydan Əsgərzadə.

Və canına qəsd edib.

Dəhşətli hadisədi. Gündən-günə gözəlləşən bu şəhərdə çıxış yolu tapmaq olmur çox vaxt.

Dövran, uşaqları müdrikləşdirib. Bu dövrün uşaqları nə bu dərdləri görmək, nə də valideynlərinə əzab vermək istəyirlər. Həssas olublar. Valideynlərinin dərdinə şərik olmağı bacarırlar. Ağrını təkbaşına çəkmək istəyirlər... Əvvəllər mağazalarda valideynlərinin əl-ətəyindən yapışıb istədikərindən ötrü ağlayan balacaları da görmürük artıq. Başa düşürlər ki, onların istədiyini ala bilməyən ata-ananı incitmək lazım deyil.

Pulsuzluğun nə demək olduğunu anlayırlar artıq.

Əvvəllər ata-analar çıxış yolu tapmaq üçün dəridən-qabıqdan çıxırdı. Yetər ki, balaları ac-susuz qalmasın, az da olsa istəkləri həyata keçsin. Atalıq, analıq hissi ölməyib indi, sadəcə çıxış yolu yoxdu artıq... Və bu yolun olmadığını bilənlər ümidsizliyə təslim olur.

“Ümidsizliyə təslim olmaq yox, mübarizə aparmaq lazımdır”-deyirlər. Çıxış yolu yoxdursa hansı mübarizədən danışmaq olar?

Aydan, ata-anasına yük olmaq istəmədiyi üçün getdi bu dünyadan. Necə bir dövrə çatdıq?! Əzab-əziyyətlə böyüdülən övladlar özünü ata-anaya yük hiss eləyir. Utanırlar. Əzilirlər. Çıxış yolunu intiharda görürlər.
Halbuki ən böyük yük onların yoxluğudu. Bu, ömür boyu çəkilməsi mümkün olmayan yükdür. Çiyinlərə düşən yükü çəkməyə nə var ki? Ürəyə düşəni çəkmək çətindi...

Aydanın intiharı da ciddi siqnal olmayacaq. İndiyə kimi çox belə intiharların şahidi olmuşuq. Yenə də maddi imkansızlıq keçilməz səddə dönüb.

Pulsuzluqdan körpəsinin meyiti İranda qalan ata-ananın, “hərəyə bir manat” aksiyası keçirməklə müalicə olunan xəstələrin, dava-dərman xərci təqaüdündən, maaşından çox olan çarəsizlərin ölkəsinin vətəndaşıyıq biz...

Kaş ki intiharın çıxış yolu olmadığını da başa düşəydik...