“Aygün, Faiq, Röya hamısı nazirliyin adamıdır” - - İddia

aygun-faiq-roya-hamisi-nazirliyin-adamidir-
Oxunma sayı: 3806



Vergilər Nazirliyi rəsmisinin  dediklərinə cavab olaraq müğənni Əli Mirəliyev VN-i xalqı soyan qurum adlandırdı: “Deyəsən, Vergilər Nazirliyinin pulu qurtarıb. Camaatı soydular, bütün iş adamları bunların əlindən qaçdı. Vergilər Nazirliyi Azərbaycanda iş görmək istəyən adamlara imkan vermir. İndi də müğənnilərdən yapışıblar. Müğənninin pulu var ki, vergi versin?! Bir qarın çörək pulu qazanmaq üçün müğənnilər gedib sirklərdə, şadlıq evlərində işləyirlər. Orada da adam başına 15 manat verirlər. O səs-küylü toylara gedib çox pul qazanan dırnaqarası xalq artistləri elə Vergilər Nazirliyinin işçiləridir. Vergilər Nazirliyi həmin müğənnilərdən yox, adi insanlardan, kasıb müğənnilərdən vergi istəyir. Heç normal toy da yoxdur. Utansınlar yerə girsinlər ki, altı-üstü sərvət olan respublikanın müğənnisindən pul alırlar. Mən pensiyaçıyam. Mən nə pul alıram ki, vergi də verim. Mən heç vaxt Vergilər Nazirliyini tanımamışam və belə bir qurumun olub-olmadığını da bilmirəm. Bunlar vergi yığanlar yox, xalqı soyanlardır. Vergilər Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi hamısı deyir ki, rüşvət yoxdur. Rüşvət var. Bu yaxınlarda müəllimlərdən 50 manatdan pul yığıblar. Bu pullar hara gedir?”

Ə.Mirəliyev daha sonra bir sıra xalq artistləri haqda da danışıb:  “Aygün Kazımova, Faiq Ağayev, Röya, Nazpəri və digərləri hamısı Vergilər Nazirliyinin adamlarıdır. Başqa cür olsaydı, ”Sarı gəlin" və bu kimi gözəl mahnıların ifaçısı olan Akif İslamzadəyə xalq artisti adı verərdilər. Xalq artisti adı alan müğənnilər xalq üçün nə ediblər?! Böyük adamların adına mahnılar qoşub oxuyurlar, budur onların göstəriciləri?! Bunlar xalqın müğənnisi deyil, saray müğənniləridir".

Xalq artisti Brilliant Dadaşova isə artıq 10 ilə yaxındır ki, vergi ödədiyini dedi: “Mən vergini vaxtlı-vaxtında ödəyirəm. Bu bizim vətəndaşlıq borcumuzdur. Hesab etmirəm ki, vergidən yayınan yalnız müğənnilərdir. Başqa sənət sahibi olan vətəndaşlar arasında da vergidən yayınanlar var. Bu bütün dünyada var. Belə hesab edirəm ki, dövlətin vergisi ödənilməlidir”.

Əməkdar artist Nüşabə Ələsgərli Vergilər Nazirliyinin bu iradını yaxşı qarşıladığını bildirdi: “Kim olursa-olsun əgər işləyirsə, vergisini vaxtlı-vaxtında verməlidir. Mən 3 aydan bir qonorarıma uyğun olaraq vergimi ödəyirəm”.

Vaxtilə “Toylar kralı”  yarışmasının qalibi olmuş müğənni Manaf Ağayev isə vergini həmişə ödədiyini bildirdi: “Məhərrəmlik, orucluq və may ayları təbii ki, toy olmur. Yanvar, fevral ayları da toy mövsümü deyil.  Toylar olanda və mən dəvət ediləndə oradan aldığım qonorara uyğun vergi ödəyirəm.  Artıq neçə ildir ki, vergi ödəyirəm. Hər efirə çıxan müğənni yalandan deyir ki, mən toya  filan qiymətə gedirəm. Özünü reklam etmək üçün şişirdilmiş rəqəm deyir. Belə dediyinə görə də sonradan Vergilər Nazirliyi düşür üstünə. Getdiyimiz bütün toyların hamısından pul almırıq. Bunun dost, qohum toyu da var. Mən beş dənə toya gedirəmsə, onun ikisi dost, qohum toyudur”.

Əməkdar artist Baloğlan Əşrəfov isə bu iradların ona aid olmadığını dedi: “Vergilər Nazirliyi də bilir ki, mən vergiyə cəlb olunan müğənnilərdən biriyəm. Mən öz vergimi verirəm. Hər hansısa bir dövlətin əsaslarını qorumaq, o dövləti yaşatmaq üçün vergi sistemi şəffaf olmalıdır. Yəni bu olmasa, dövlət ola bilməz. Sovet hökuməti dövründə maliyyə şöbələri var idi və mən bir müğənni kimi çox toylara gedirdim. Buna görə də mən hökumətə pul köçürürdüm. Hətta SSRİ dövründə köçürdüyüm pulla özümə dövlət tərəfindən maşın da aldım, qızılda. Buna mənim ixtiyarım da çatırdı. İndi də mən vergini vaxtlı-vaxtında verirəm”.

"Yeni Müsavat"