“Ayrılmalıyam mən səndən, Eliza” - - Robert Burns

ayrilmaliyam-men-senden-eliza-
Oxunma sayı: 1611






Qırmızı-qırmızı qızılgül


Qırmızı-qırmızı açar qızılgül,

Mənim sevgim kimi açılar gülü,

Mənim sevgim şirin-şirin oxunan,

Qızılgül qoxuyan bir hava kimi,


Sənin gözəlliyin qədər bu sevgi,

Bu sevgi bu dünya bitənə qədər,

Mən səni sevdikcə sevərəm, gözəl,

Dənzilər quruyub itənə qədər.


Dənizlər quruyub itənə qədər,

Qayalar dağılıb yıxılanacan,

Mən səni sevdikcə sevərəm, gözəl

Qumlar dənizlərdən yox olanacan.


Mənim bircəm, qönçəm, çiçək ol, gül ol.

Açıl sevgi ilə sən hər gələn günə,

On min il uzağa getsəm də səndən,

Sənin sahilinə dönərəm yenə.


Mənim sevdiyim qız uşaqdı hələ


Mənim sevdiyim qız uşaqdı hələ

Mənim sevdiyim qız uşaqdı hələ

Körpə çiçəkdi o, qönçə güldü o,

Gözlərəm böyüyər bir-iki ilə.


Onu gözlədiyim günlərə lənət,

Onu gözlədiyim günlərə lənət.

Malla, pulla, güllə aldılar onu,

Mallara, pullara, güllərə lənət.

Süz bir də, bir az da, bir damla da süz,

Süz bir də, bir az da, bir damla da süz,

Mən burda tapmadım istədiyimi

Başqa yerdə gəzin sevginizi siz.


Yandıq, içdik yandıq, çıxdıq sabaha.

Yandıq, içdik yandıq, çıxdıq sabaha.

Bir yol kamançının arvadın öpüb,

Dua oxuyammır bu keşiş daha.



Eliza


Ayrılmalıyam mən səndən, Eliza.

Məni doğma yurddan oynadır tale,

Sahilsiz dəryanı atıb araya,

Elə hey fırladır, qaynadır tale.


Qışqırıb gülürlər sahilsiz sular,

Girirlər eşqimlə arama mənim,

Mənim qəlbim, canım çoxdan səndədi.

Bilmirəm neylərlər harama mənim?!


Əlvida, bəxtimə açılan gözəl,

Əlvida Eliza, gözüm, əzizim,

Göydən bir səs gəlir qulağıma hey,

Ulduzmuz bir də görüşməz bizim.


Ürəyim son dəfə çırpınır, durur,

Ölüm necə qalıb, dayanıb, Allah.

Səninçün dərdiyim sonuncu güldü –

Səninçün çəkdiyim bu sonuncu ah.


Dun sahilləri


Ey Dun, sahilləri, Dun sahilləri,

Ey nəğmətək uçan balaca quşlar,

Siz necə olmusuz sevgili, gözəl,

Necə oxuyursuz beləcə, quşlar.


Siz nəğmə dedikcə, oxuduqca siz.

Zaman da geriyə axırmış kimi.

Qaytarırsız mənim keçmişdə qalan

Heç vaxt dönməyəcək sevgilərimi.


Gözəl Dun, gələrəm sahillərinə,

Sənin güllərini qoxlamaq üçün,

Quşların oxuyar sevgindən yenə

Məni də sevgidə yoxlamaq üçün


Mən də tikanlı bir qızılgül qırdım,

Yaşadım ömrümün gül anlarını,

Mənim də gülümü qırdı bir zalım.

Mənə qoyub getdi tikanlarını: