Aysberqin görünməyən tərəfi İran agenturasıdır

aysberqin-gorunmeyen-terefi-iran-agenturasidir
Oxunma sayı: 2143

İlqar Altay

Aydın olur, və rəsmi təsdiq olunur ki, qonşu İranın parlamentindəki milli təhlükəsizlik və xarici siyasət komissiyası kimi ən vacib qurumuna rəhbərlik edən general vaxtilə Azərbaycanda Azərbaycana qarşı ağır dövləti pozuculuq işləri aparıb. Ölkəmizin işğalında erməni qəsbkarlarına bilavasitə dəstək planının təşkilatçılarından olub. Aydın olur ki və zaman gəldikcə daha da aydın olacaq ki, bir ovuc ermənilər mənfur şimal və cənub qonşularımızın planlı dəstəyi hesabına torpaqlarımızı işğal ediblər.

Təəssüflər olsun ki, bu cür İranyönlü, Azərbaycanı sarsıdıb, parçalayıb dağıtmaq məqsədli təxribatçı agentura şəbəkələri ölkəmizdə bu gün də mövcuddur. Bu məsələdə bilgili tədqiqatçı kimi yenə narahatlığımı və xəbərdarlığımı bildirirəm. Bu gün onların ölkəmizdəki strukturları daha da sistemli, daha da güclüdür. Nardaranda, Lənkəranda, Gəncədə 5-10-20 tutulanla, aşkar edilən bir neçə silahla iş bitmir. Bununla arxayınlaşmaq qəti olmaz. Bu həbs edilənlər təhlükəli cərəyanın yalnız görünən icraçı tərəfidir. Aysberqin əsas alt, görünməyən tərəfi, İran agenturasının ölkəmizdə yerbəyer edilmiş əsas dayaq bazaları, isimləri ayırd və ifşa edilib zərərsizləşdirilməlidir.

Hətta islam şiə radikalizmi və dini ekstremizm terminləri də bu şəbəkə üçün bir pərdədir. Söhbət daha dərin, yəni, din adı altında böyük geosiyasi məqsədlərdən, Azərbaycan dövlətçiliyinə qarşı hazırlanan daha dərin planlardan, imkan yetişən kimi ölkəmizi terror və xaos girdabına yuvarladıb çökdürməkdən gedir. Dövlətimizi, xalqımızı gözləyə biləcək bu təhlükələr barədə mən bir müddət əvvəl “Aşura bizə lazımdırmı?” yazımda və Tale Bağırzadə təhlükəsi barədə müraciətimdə bəyan etmişəm. Və az keçmədi ki, aşura çıxışlarının, yürüş və paradlarının arxasından silahlı terror çıxdı.

Bu böyük problemin həlli dövlət təhlükəsizlik və kəşfiyyat xidmətlərinin üzərinə düşür, onların fəaliyyət sahəsinə aiddir. Yalnız bu cür spesifik təcrübə və imkanlı strukturlar bu işi görə bilər. Digər hüquq-mühafizə orqanlarının əməkdaşlığı və ictimaiyyətin dəstəyi isə işi gücləndirə bilər. Qarşıdan gələ biləcək böhranlı şərait və ya geosiyasi təlatümlərdən fürsətlənib, aktivləşib dövlətçiliyimizə problem və təxribatlar yaratmalarını gözləmədən bu gün qətiyyətlə və ən sərt şəkildə bu şəbəkənin kökünü kəsmək lazımdır.

Vaxt gözləmir. Mübarizə tədbirlərini birə on qat gücləndirmək lazımdır. Azərbaycanımızı dünyəvi işıqlı gələcəkdən qaranlıq xürafat cəhalətinə sürükləyənlərə meydan vermək olmaz.