Aysel məhkəmədə ifadə verəcək

aysel-mehkemede-ifade-verecek
Oxunma sayı: 3817

Bu gün Nərimanov Rayon Məhkəməsində adı qalmaqallı hadisələrdə hallanan Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş kürəkəni‚ xuliqanlıqda təqsirləndirilən Elşən Əsgərli‚ onun dostları Azər Nəsibov və Nuray Bayramlının məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə‚ hakim Vüsal Qurbanovun icraatında olan prosesdə baxış iclası baş tutub. E.Əsgərli və dostları  Q.Şükürovun indiki kürəkəni Oqtay Əhmədovu döyməkdə ittiham edilirlər.

Bugünkü iclasda prokuror çıxış edərək ittiham aktını elan edib. Adıçəkilən şəxslərin hər üçü özünü təqsirli bilmədiyini deyib.

Daha sonra O.Əhmədovun vəkili İsmayıl Kəngərli zalda jurnalistin olmasına etiraz edib və işin içində ailə sirrinin olduğunu deyərək media nümayəndəsinin zaldan çıxarılmasını istəyib. Prokuror da bu vəsatəti müdafiə edib.

E.Əsgərlinin vəkili Ceyhun Yusifov isə buna etiraz edib. Hakim bildirib ki‚ məhkəmə prosesi açıq keçirildiyi üçün jurnalist zaldan çıxarıla bilməz. 

Ardınca zərərçəkmiş kimi tanınan yol polisi əməkdaşı Rəsul Ağayev ifadə verib. O bildirib ki‚ onu təhqir etməyiblər‚ fiziki təzyiq‚ xəsarət də yetirməyiblər: "Sadəcə əmrimizə tabe olmadıqları üçün bizi zərərçəkmiş kimi tanıyıblar”. 

Prokuror bildirib ki‚ E.Əsgərli məhz polisə tabe olmayıb kəməri qırıb qaçdığı üçün YPX əməkdaşları zərərçəkmiş kimi tanınıb.

Digər zərərçəkiş şəxs və şahidlər prosesdə iştirak etməyib. O.Əhmədovun vəkili bildirib ki‚ növbəti iclasda müvəkkili‚ onun həyat yoldaşı Aysel Şükürova və əmisi Şahin Əhmədov məhkəməyə gələrək ifadə verəcəklər. Proses aprelin 30-da davam etdiriləcək.

Qeyd edək ki‚ A.Şükürova öncə E.Əsgərli ilə evli olub. Boşanandan sonra isə O.Əhmədoval ailə həyatı qurub. İttihama görə‚ mübahisə E.Əsgərlinin sosial şəbəkələrdə O.Əhmədovun ailəsi barədə təhqiredici ifadələr işlədib. Bu səbəbdən görüşüblər və orada aralarındakı mübahisə davaya çevrilib.

Murad Əhməd