Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası başa çatdı

azerbaycan-abs-hokumetlerarasi-komissiyanin-iii-iclasi-basa-catdi
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası tərəfindən maliyyə naziri Samir Şərifovun, ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormatsın həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.

İclasın birinci hissəsində çıxış edən Amerikalı həmsədr Robert Hormats ölkəsinin Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduqlarını, əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd etdib.

Robert Hormats bildirib ki, Azərbaycan son illərdə böyük iqtisadi nailiyyətlər əldə etmişdir ki, bu da çox təqdirəlayiqdir. Amerikalı həmsədr bütün bu nailiyyətlərə məhz Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi sayəsində nail olunduğunu bildirib. Qeyd edib ki, bu göstəricilər Dünya Bankının 2011-ci il üzrə hesabtlarında öz əksini tapıb və bankın ekspertləri tərəfindən yüksək qiymətləndirilib: “ABŞ Azərbaycanda ölkə vətəndaşlarının maraqlarına xidmət edən modern iqtisadiyyatın inkişaf etdirilməsini alqışlayır. İki ölkə təkcə enerji sahəsində deyil, qeyri neft sektorunun ortaq maraqlara cavab verən istiqamətləri üzrə də əməkdaşlığı genişləndirməlidir. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini daha da artırır”.

İclasda çıxış edən Azərbaycan tərəfindən komissiyanın həmsədri S.Şərifov bildirib ki, birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənmiş və dərinləşib, Azərbaycanla Birləşmiş Ştatların münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

S.Şərifov Azərbaycan Respublikası ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının bu ay 20-ci ilinin tamam olduğunu xatırladaraq bu günə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlərin imzalandığını, çoxşaxəli əməkdaşlıq üçün müvafiq normativ hüquqi bazanın yaradıldığını və bu əməkdaşlıqda konkret nəticələrə nail olunduğunu vurğulayıb.

ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa “907-ci düzəliş”in hələ də qüvvədə olduğunu təəssüflə qeyd edən S.Şərifov bildirib ki, artıq 907-ci düzəlişin ləğv edilməsinin vaxtı çatıb: “Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və “907-ci düzəliş”in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil. Bu maddənin ləğvi ölkələr arasında münasibətlərinin möhkəmlənməsinə əngəl olan əsas maneələri aradan qaldıracaq".

İclasda hər iki tərəfin müvafiq strukturlarını təmsil edən nümayəndələr yeni İpək Yolu konsepsiyası, 2020-cu ilə strateji baxış, əməkdaşlığın inkişafı imkanlarının və CAREC-in iş planı, ticarət və investisiya mühiti, turizm, informasiya texnologiyaları, nəqliyyat, aviasiya, infrastruktur layihələrin inkişafı, gələcək yardım proqramları, birgə maliyyələşdirmə və digər sahələrdə aparılan islahatlarla bağlı təqdimatlarla çıxış ediblər. A