Azərbaycan alimləri Türkiyədə

Azərbaycan alimləri Türkiyədə
Oxunma sayı: 115

“Qafqazinfo”nun məlumatına görə, konfrans may ayının 30-da Səlcuq Universiteti Süleyman Dəmirəl Kültür Mərkəzində öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı sərgisi ilə tanış olublar. Sərgidə müxtəlif ölkələri təmsil edən 60-a yaxın əl işi nümayiş etdirilib. Azərbaycanı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə geniş elmi heyət təmsil edib. Azərbaycan təmsilçilərindən epiqraf Həbibə Əliyevanın “Azərbaycan xalça və parçalarında xətt nümunələri”, etnoqraf Afət Rüstəmbəyovanın “AMEA Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasındakı qələmkar səhnələri”, Məhfuzə Zeynalovanın “AMEA Milli Azərbaycan Tarixi Muzeyindəki xalça və parçaların qorunması” mövzusunda məruzələri dinlənilib.

Professor Qafar Cəbiyev və MİRAS İctimai Birliyinin sədri, tarix elmləri namizədi Fariz Xəlillinin “Orta əsr Ağsu şəhəri qazıntılarında tekstil və boyaq örnəkləri” barədə məruzələri konfrans iştirakçılarının xüsusi marağına səbəb olub. Ağsu qazıntıları ilə bağlı nəşr olunmuş kitab və kataloqlar, habelə “Xocalı vaxtı” və “Tərəkəmə çərşənbəsi” filmlərindən ibarət diskləri konfrans iştirakçılarına və Səlcuq Araşdırmaları Mərkəzinə hədiyyə edilib. Türk xalqlarının toxuculuq və ənənəvi sənətkarlıq nümunələrinin tədqiqi və təbliği sahəsindəki xidmətlərinə görə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva Səlcuq Araşdırmaları Mərkəzinin xüsusi mükafatına layiq görülüb. Mədəni İrsin tədqiqi və təbliği sahəsində göstərdiyi xidmətlərinə görə konfransın Təşkilat Komitəsinin rəhbəri Əhməd Aytaç MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin xüsusi diplomu ilə mükafatlandırılıb. Akademik Nailə Vəlixanlı konfransın yekun iclasında çıxış edərək 2013-cü ildə IV Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı Konfransının Azərbaycanda keçirilməsini təklif edib. Təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə bəyənilib. Beləliklə, 2013-cü ildə IV Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı Konfransının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.

Səidə Teyyubqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi