Azərbaycan alimlərinin II Qurultayının vaxtı məlum oldu

azerbaycan-alimlerinin-ii-qurultayinin-vaxti-melum-oldu
Oxunma sayı: 1438

AMEA-nın Rəyasət Heyətində Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib. 

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, Prezident yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən, professor Famil Mustafayev, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev, AMEA-nın vitse-prezidentləri, akademik-katibi və şuranın üzvləri iştirak ediblər.

İclasda Azərbaycan alimlərinin II Qurultayının bu ilin noyabr ayında keçirilməsini qərara alınıb. Həmçinin, tədbirin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Sonda “Elm günü”nün keçirilməsi məsələsi müzakirə olunub. AMEA prezidenti, akademik Akif Əlizadə ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması məqsədilə dövlət başçısı İlham Əliyevin ölkəmizdə “Elm günü”nün təsis edilməsi haqqında müvafiq sərəncamını xatırladıb. Bu ilin 27 mart tarixində ilk dəfə olaraq ölkədə “Elm günü”nün qeyd olunacağını bildirib. Əlavə edib ki, əlamətdar günün yüksək səviyyədə keçirilməsi məqsədilə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası 27 mart “Elm günü”nün keçirilməsinə dair Tədbirlər planını təsdiq edib və müvafiq tapşırıqlar verib.