Azərbaycan Avropa İttifaqı arasında Nəqliyyat Dialoqunun iclası keçirilib

azerbaycan-avropa-ittifaqi-arasinda-neqliyyat-dialoqunun-iclasi-kecirilib
Oxunma sayı: 791

Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda ayrı-ayrı dövlət qurumlarının rəhbər şəxsləri, Avropa İttifaqının nümayəndələri, səfirlər və bank sektorunun təmsilçiləri iştirak edib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iclasda çıxışı zamanı bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində beynəlxalq nəqliyyat sisteminə inteqrasiya, infrastrukturun inkişafı, davamlı maliyyələşmə, xidmətlərin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin asanlaşdırılması və sosial rifahın yüksəldilməsi təmin edilir.

“Ölkəmiz Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. 2017-ci il 30 oktyabr tarixində istismara verilmiş Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir, Avropa və Asiyanın dəmir yolu şəbəkələrinin region üzərindən ən qısa birləşməsini təmin edir. Eynilə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bölgədə ən əhəmiyyətli tranzit nöqtəsi olaraq, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük və sərnişindaşımalarının həyata keçirilməsində əsas rol oynayacaq”.

Göstərilən qonaqpərvərliyə görə səmimi təşəkkürünü bildirən Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun keçirilməsinin üstünlüklərindən danışıb. O  qeyd edib ki, tərəfdaşlarla  bu cür dialoqların keçirilməsi məsələsi əvvəlcədən diqqətlə təhlil edilir.

“Qeyd edim ki, bu, Avropa İttifaqı səviyyəsində keçirilən yeddinci belə dialoqdur. Bu cür yüksək səviyyəli tədbirləri biz əməkdaşlığa olduqca maraq göstərən tərəflərlə keçiririk. Bu gün nəqliyyat sahəsində bir çox seqmentlər üzrə müzakirələr aparılacaq ki, bu da birgə əməkdaşlığın yeni üfüqlərini və istiqamətlərini müəyyən edəcək”.