Azərbaycan Belqradda Nazirlər Konfransına qatıldı

azerbaycan-belqradda-nazirler-konfransina-qatildi
Oxunma sayı: 641

Azərbaycanın Serbiyadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, tədbir Serbiyanın hazırda “Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi” təşkilatına sədrliyi çərçivəsində təşkil edilib. Tədbirdə Azərbaycanı fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev təmsil edib.

Serbiyanın baş naziri Mirko Tsvetkoviç konfransı giriş sözü ilə açıb. Tədbirdə çıxış edən Avropa Birliyinin Beynəlxalq əməkdaşlıq, humanitar yardım və böhranın qarşısının alınması üzrə Komissarı xanım Kristalina Georgiyeva, Serbiya baş nazirinin birinci müavini, daxili işlər naziri İvitsa Daçıç və digər iştirakçı ölkələrin nümayəndələri təbii və texnogen fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətin əlaqələndirilməsinin və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Konfransda çıxış edən Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev ölkəmizin təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması sahəsində bir çox ölkələrlə sıx əməkdaşlıq etməsi, Azərbaycanda fövqəladə halların qarşısının alınması sahəsində əldə olunmuş təcrübə, nazirliyin maddi-texniki bazası barədə məlumat verib.

Tədbir çərçivəsində O.Hacıyevin Serbiya baş nazirinin birinci müavini, daxili işlər naziri İ.Daçıçlə görüşü olub, hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.