Azərbaycan Beynəlxalq Foruma ev sahibliyi edəcək

azerbaycan-beynelxalq-foruma-ev-sahibliyi-edecek
Oxunma sayı: 639

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması” mövzusunda təşkil olunan forumda BMT-nin İqtisadi və Sosial İşlər üzrə baş katibin müavini Vu Honqbo, Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Ture, 100-dək ölkəni informasiya və kommunikasiya texnologiyaları üzrə təmsil edən hökumət rəsmiləri və 1500-dən çox nümayəndə heyətinin- özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları, beynəlxalq təşkilatlar və KİV nümayəndə və rəhbərliklərinin iştirakı gözlənilir. Hər il keçirilən forumun builki yeddinci iclası “Bakı Ekspo” sərgi və toplantı mərkəzində baş tutacaq.

İİF-in gündəliyində duran əsas məsələ “İnkişaf naminə internet idarəçiliyi (IG4D)” ilə bağlıdır. Forumda hökumət, biznes və vətəndaş cəmiyyəti nümayəndələri mövcud internet təhlükəsizliyi, şəffaflıq, məxfilik, ifadə azadlığı, internetə çıxış və inkişaf məsələlərini müzakirə edəcək, inkişafa birbaşa aidiyyəti olan qlobal internet idarəçiliyi üzrə nümunələri nəzərdən keçirəcək, internetin idarəçiliyi məsələsinin milli və beynəlxalq səviyyədə inkişaf yanaşmaları ilə uzlaşdırma yollarını araşdıracaqlar. Forumda virtual iştirak da mümkün olacaq. Belə ki, Bakıya gəlmək imkanı olmayan, amma tədbirdə canlı iştirak etmək istəyən şəxslər və institutlar dörd günlük iclasa uzaq məsafədən qoşula biləcəklər. Maraqlı tərəflər müzakirələri ev yaxud idarələrindən izləyə biləcəklər. Arzu edənlər canlı, amma məxfi yarımbaşlıqlar vasitəsilə də forumu izləyə biləcək, tədbirin internet üzərindən yayımına baxacaq, http://www.intgovforum.org/cms/ internet ünvanında canlı iştirak edə biləcəklər. Əsas plenar iclaslarla eyni vaxtda müzakirələrdə və fikir mübadiləsində aktiv iştirak etmək üçün ictimaiyyətə açıq elan edilən 100-dən çox təlim, açıq forum və digər görüşlər də keçiriləcək. Bundan başqa, tədbirdəki iştirak etmək, iclası izləmək istəyən şəxslər üçün dünyanın hər bir nöqtəsində müvafiq “mərkəzlər” təşkil edilir.

Qeyd edək ki, İİF bu il Azərbaycanda keçirilən ənənəvi “Bakutel-2012” sərgi və konfransı ilə eyni vaxta düşür. Ölkəmizə gələn qonaqlara həmçinin Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlər, bu sahədə regional və beynəlxalq əhəmiyyətli layihələr və müasir texnoloji yeniliklərin nümunələri nümayiş etdiriləcəkdir.