“Azərbaycan böyük işlər görəcək” - Nazir

azerbaycan-boyuk-isler-gorecek-nazir
Oxunma sayı: 653

“Qafqazinfo” xəbər verir ki, konfransda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə iştirak ediblər. Konfransı giriş sözü ilə açan nazir Azad Rəhimov ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Bakıda keçirilməsini böyük bir tarixi hadisə kimi qiymətləndirib və bu oyunlara ev sahibliyini qazanmaq üçün Azərbaycanın xüsusi sifariş kitabı hazırlandığı barədə danışıb: “İki gün əvvəl Romada qəbul olunmuş qərarla Azərbaycan ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Bu hadisə bütünlükdə Azərbaycanın qələbəsidir. Biz bu uğuru əldə etmək üçün olduqca məsuliyyətlə çalışmışıq. Həmin tədbirdə biz xüsusi sifariş kitabı hazırlamışdıq. Bu kitabda Bakının ümumi təqdimatı öz əksini tapmışdı. Burada müxtəlif oteller, Olimpiya İdman Kopmleksləri və hətta olimpiya şəhərciyi barədə məlumatlar da yer alıb”.

Daha sonra nazir Azərbaycanın ev sahibliyini etmək üçün qazandığı səsvermədən danışıb: “Azərbaycan bu hüququ gizli keçirilən səsvermə nəticəsində qazanıb. Ümumilikdə 48 ölkə seçkidə iştirak edib ki, bunların 38-i Azərbaycanın leyhinə, 8 ölkə isə əleyhinə səs verib.Yalnız 2 ölkə bitərəf olub”.

Azərbaycanın ilk Avropa Olimpiya oyunlarının keçirməsi ilə bağlı qurulacaq yeni idman qurğularından danışan A.Rəhimov mümkün qədər az maliyyə hesabına böyük işlər görüləcəyini deyib: “Biz əsasən əlimizdə olan hazır olimpiya idman qurğularından istifadə etməyə çalışacağıq. Bakıda yeni böyük həcmli idman qurğuları tikilməyəcək.Yalnız çimərlik voleybolu üçün xüsusi bir qurğu tikiləcək ki, həmin qurğu da olimpiya oyunları ərzində fəaliyyət göstərəcək daha sonra yenidən söküləcək. Bunla yanaşı Bakının İnfrastrukturu da dəyişəcək, nəqliyyat sistemi yaxşılaşdırılacaq”

Təşkilatçı ölkə kimi Azərbaycanın Avropa Olimpiya oyunlarında bütün idman növlərində iştirakının vacib olduğunu vurğulayan nazir buna hazır olmaq üçün kifayət qədər vaxtın olduğunu söyləyib: “Qarşımızda iki il yarım vaxt var, biz bu zaman kəsiyində Azərbaycanda populyar olan və olmayan, elə də geniş yayılmayan bütün idman növlərini inkişaf etdirməliyik ki,layiqincə bu oyunlarda çıxış edə bilək”

Çıxışının sonunda Avropa Olimpiya oyunlarında ən azı 15 idman növünün olacağını deyən Azad Rəhimov bu rəqəmin arta biləcəyini də istisna etməyib: “Biz bir çox beynəlxalq federasiyalara müraciət etmişik və onların əksəriyyəti müsbət cavab veriblər. Ancaq daha artıq idman federsaiyalarının da bizə qatılacağını gözləyirik”

İqbal