Azərbaycan Bozqurdları qurultay keçirdilər

azerbaycan-bozqurdlari-qurultay-kecirdiler
Oxunma sayı: 680

Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin yaratdığı mandat komissiyası adından partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəhbəri Səfər Hümbətli məlumat verib ki, qurultay nümayəndələrinin yarıdan çoxu - 42 rayon təşkilatından 85 nəfər tədbirdə iştirak edir. Ona görə də qurultay səlahiyyətlidir.
Sonra qurultayı idarə etmək üçün sədarət və say komissiyası seçilib. Qurultayın gündəliyində Təşkilat Komitəsinin hesabatı, nizamnaməyə əlavə və dəyişikliklər, təşkilati məsələlər - partiya sədri, Böyük Məclis üzvləri, Siyasi Şura və MNTK üzvlərinin seçilməsi və cari məsələlər olub.

Bundan sonra qurultayda iştirak edən qonaqlara söz verilib. İlk çıxış edən AXCP sədri Əli Kərimli deyib ki, bu, AMDP-nin təbii mövqeyində keçirdiyi qurultaydır. “Sevincinizi ikiqat bölüşürəm. Hakimiyyətdəkilər Azərbaycanın sərvətlərini talan etməkdən doymur, xalqın 97 faizi isə aclıq içindədir. Bir milliyyətçinin qəlbi necə qəbul edə bilər ki, millətin bir hissəsi azğın həyat sürsün, böyük hissəsi isə aclıq içində yaşasın. Hakimiyyət çalışıb ki, psevdovətənpərvərlər, psevdomilliyyətçilər toplusu yaratsın. Ona görə də sizi ikiqat təbrik edirəm ki, siz özünüzdə təpər tapdınız, yenidən təşkilatlandınız”.

Müsavatın Məclis sədri Arzu Səmədbəyli partiya başqan İsa Qəmbərin təbrikini çatdırıb. Müsavatın Məclis sədri çıxışında deyib ki, xalqın öz içindəki istəyi meydanlara daşıması üçün adi şəraitə bağlıdır. Buna isə çox qalmayıb: “Dünyada gedən dəyişiklik bura da daşınacaq. Bu iqtidarın başı qarışıb sərvətlərimizi talamağa, dünyadakı prosesdən xəbəri yoxdur. Onlar sərvət toplamaq hərisliklərinin qurbanı olacaq. Birlikdə getdiyimiz yol demokratiya, haqq-ədalət, millət yoludur. Bu yolun sonunda qələbə var”.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli təbrikinə maraqlı bənzətmə ilə başlayıb: “Bozqurdları başqa canlılardan fərqləndirən önəmli xüsusiyyətlərdən biri də odur ki, onlar tələyə düşəndə tələyə düşən ayağını özü yeyib canını qurtarır. Bir ayağını qurban verir, amma tələdən xilas olur. Bizim bozqurdları tələyə salmışdılar. O insanlar ki həqiqi bozqurd xislətlidir, onlar tələdən qurtarmağı bacarıb bura, qurultaya toplaşıblar”.

Növbəti təbrik çıxışını ADP sədri Sərdar Cəlaloğlu edib: “O millət zəif millətdir ki, zəif təşkilatlanıb. Say məsələsinin millətin gücünə aidiyyəti yoxdur. Elə çoxsaylı xalqlar var ki, heç dövlətlərini də yarada bilməyiblər. Amma öz dövləti olan 80 min nəfərlik millətlər də var. Yəni təşkilatlanma çox vacib məsələdir. Bizim milliyyətçi hərəkatın nümayəndələrini də təşkilatlanmağa başladıqları üçün təbrik edirəm”.

Ümid Partiyası icra aparatının rəhbəri Nəsimi Məmmədli, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, İctimai Palatanın üzvü Qaya Əliyev və başqa qonaqlar da təbrik çıxışı ediblər.

Daha sonra gündəliyə əsasən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin hesabatı təqdim edilib. Hesabatı TK-nın sədri Qələndər Muxtarlı təqdim edib.

Nizamnaməyə əlavə və dəyişikliklər qəbul edilib və partiyanın bundan sonra Azərbaycan Milliyyətçi Demokrat Partiyası (AzMDP) adlanması qərara alınıb. Partiyanın bayrağı və emblemi də dəyişdirilib. Partiyanın adı, bayrağı və embleminin dəyişdirilməsinə yalnız bir nəfər - Siyasi Şura üzvü Nurəddin İsmayılov etiraz edib və çıxışında partiyadan istefa verdiyini bildirib.

AzMDP-yə yeni sədr kimi Qələndər Muxtarlının namizədliyi irəli sürülüb və o, cəmi bir nəfər əleyhinə olmaqla partiya sədri seçilib. Böyük Məclisə, Siyasi Şuraya və MNTK-ya da üzvlər seçilib.

Qurultay işini yekunlaşdırdıqdan sonra Böyük Məclisin iclası keçirilib. Oqtay Xəlilli Böyük Məclisin sədri seçilib.