Azərbaycan Burundi qaçqınlarına 30 min dollarlıq yardım ayırdı

azerbaycan-burundi-qacqinlarina-30-min-dollarliq-yardim-ayirdi
Oxunma sayı: 796

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Prezidentinin tapşırığına əsasən Azərbaycan Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb.

Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, sözügedən vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcək.

BMTQAK “2019-2020-cu illər üzrə Burundi Qaçqınlarına Regional Yardım Planı”nı təqdim edərək nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi üçün 296,4 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin tələb olunduğunu açıqlamış, Burundi qaçqınlarının qida, tibbi yardım, uşaqların təhsil və sair kimi təcili humanitar tələbatının qarşılanması məqsədilə üzv dövlətlərə müraciət edib.