“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim edilib - Fotolar

azerbaycan-diaspor-konulluleri-proqrami-teqdim-edilib
Oxunma sayı: 1356

Bu gün Nizami Kino Mərkəzində "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Heydər Əliyev Fondunun “Regional İnkişaf İctimai Birliyi”nin təmsilçisi Cəmil Əliyev, "ASAN xidmət"in aparat rəhbəri Azad Cəfərli və könüllülər iştirak ediblər.

Tədbirdə çıxış edən F.Muradov bildirib ki, dövlət başçısının siyasi iradəsilə ölkəmizdə güclü könüllülər hərəkatı formalaşıb: "Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva hər zaman könüllülərin fəaliyyətini yüksək qiymətləndirirlər".

"Azərbaycan Diaspor Könüllüləri" proqramının başlanmasından danışan Fuad Muradov qeyd edib ki, bu təşəbbüs bütün dünyadakı Azərbaycan diaspor hərəkatının güclənməsində vacib rol oynayacaq.

Komitə sədri xüsusilə vurğulayıb ki, Vətənimizin müstəqil dövlət kimi möhkəmlənməsi və qüdrətli ölkəyə çevrilməsi anti-Azərbaycan qüvvələrini, əsasən də erməni lobbisini çox narahat edir. Azərbaycanın dövlət müstəqilliyinə təhdidlərin qarşısının alınması isə diaspor məsələsində yeni yanaşmanın tətbiqini tələb edir.

O bildirib ki, diasporun gəncləşməsi məsələsi gündəmdədir. Bu baxımdan "Azərbaycan Diaspor Könüllüləri" proqramı çox aktualdır. Gələcəkdə isə bu işi digər dövlət qurumları ilə yaxından əməkdaşlıq etməklə daha səmərəli şəkildə həyata keçirmək olar.

O, proqrama qatıldıqları üçün könüllülərə təşəkkürünü bildirib: "Bu, ilk görüşümüzdür. Amma digər dövlər qurumlarının təmsilçilərilə birgə sizinlə tez-tez görüşəcək və suallarınıza cavab verəcəyik. Bu proqrama qatılan gənclər könüllü kimi təcrübə qazanacaqlar. Adətən ali məktəbi bitirən gəncin iş təcrübəsi olmur. Bu cür proqramlarda iştirak etməklə gənclər həm təcrübə qazanacaq, həm də onların adlarının daxil olduğu məlumat bazası yaradılacaq".

Ü.Quliyev bu təşəbbüsü alqışladığını bildirib. Qeyd edib ki, diaspor könüllüsü olmaq çox məsuliyyətli işdir və bu proqramın başlanmasının müsbət nəticə verəcəyinə inanır:

 "Könüllülük fəaliyyətinin ilkin mərhələsində iştirak edənlərin bir çoxunun artıq dövlət orqanlarında təmsil olunması müsbət addımdır. Azərbaycan gəncliyinin ictimai-siyasi və mədəni həyatda fəal iştirak etməsi sevindiricidir".

İ.Babayev deyib ki, ölkəmizdəki könüllülər hərəkatı xarici tərəfdaşlarımızda əsl qibtə hissi oyadır və bu fəaliyyət beynəlxalq arenada çox yüksək qiymətləndirilir.

İntiqam Babayev qeyd edib ki, "ASAN", Formula-1 könüllüləri artıq brendə çevrilib və diaspor könüllülərinin də bu adı qazanacaqlarına ümid edir:

"Biz könüllülərimizi dünya miqyasına da çıxarmaq istəyirik".

F.Cəfərov Diaspor Komitəsini və könüllüləri yeni proqram münasibətilə təbrik edib: "Yalnız bizim doğma dilimizdə "könüllülər" sözünün kökündə "könül" sözü dayanır. Bu, təmənnasız fəaliyyətdir. Amma könüllülər şəbəkələnmə, yeni bilgilər əldə etmək imkanı qazanırlar".

O bildirib ki, Gənclər Fondu ilə Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı nəticəsində könüllülərin festivalı keçirilib. Festivalda 6 könüllü hərəkatının təqdimatı olub.

F.Cəfərov hesab edir ki, "Azərbaycan Diaspor Könüllüləri" proqramı da könüllülük hərəkatının təşviqinə xidmət edəcək.

C.Əliyev təmsil etdiyi qurumun fəaliyyətindən ətraflı danışaraq, diaspor könullülərinə uğurlar arzulayıb.

A.Cəfərli təmsil etdiyi qurumun adından diaspor könüllülərini təbrik edib: "Biz könüllülərə ayrılmaz tərkib hissəmiz kimi baxırıq. 18 mindən çox könüllünün potensialı ortaya qoyulub. Hər mərkəzdə 80-90 könüllü fəaliyyət göstərir, 1000-dən çox könüllü işlə təmin olunub. Diaspor könüllüləri ilə əməkdaşlıq etməyə və təcrübəmizi bölüşməyə hazırıq".

E.Əliyev isə təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib. O, hər bir könüllünü Fondla əməkdaşlığa və öz layihəsini təqdim etməyə dəvət edib.

"Azərbaycan Diaspor Könüllüləri" proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, proqrama 609 gənc müraciət edib. Onların 95 faizi Bakıda, 3.5 faizi regionlarda, 1.5 faizi isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Proqrama uyğun olaraq gənclər könüllülük fəaliyyəti, Azərbaycan diaspor hərəkatı, dünya azərbaycanlıları və sair haqqlnda ətraflı məlumat alacaqlar. Proqramda tam iştirak edən gənclərə Diasporla İş üzrə Dövlət Komitəsinin sertifikatı veriləcək.

Qeyd edək ki, "Azərbaycan Diaspor Könüllüləri"nin devizi "Bir addım 1000 addıma yol açır" seçilib.