Azərbaycan diasporu Strasburqda aksiya keçirib - Fotolar

azerbaycan-diasporu-strasburqda-aksiya-kecirib
Oxunma sayı: 635

Fransada və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri aprelin 27-də Strasburq şəhərində, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qarşısında etiraz aksiyası keçiriblər.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Paris Azərbaycan Evinin təşəbbüsü, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası və Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan mitinqdə 200-dən artıq soydaşımız, o cümlədən türk icmasının təmsilçiləri iştirak ediblər.

Aksiyada iştirak edənlər AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına və qurumun Azərbaycana münasibətdə tutduğu qərəzli mövqeyə etirazlarını bildiriblər.

Çıxış edənlər AŞPA-nın beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmadığını, əksinə ermənipərəst siyasət yürütdüyünü diqqətə çatdırıblar. Azərbaycan diaspor rəhbərləri Avropanı Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaqda günahlandırıblar. Avropa Şurasına üzv olan, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycanın isə yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşdiyi bildirilib. Qeyd olunub ki, Azərbaycan inteqrasiya meyillərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Azərbaycan region ölkələri, İslam dünyası, Şərq ilə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidir.

Əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları “AŞPA-nın Türkiyə ilə bağlı qərarı ədalətsizdir və qərəzlidir!”, “Türkiyə və Azərbaycandan əlinizi çəkin!”, “Avropa Şurasında ikili standartlara və islamofobiyaya son qoyulsun!”, “AŞPA-nın monitorinqləri müstəqil ölkələrə təzyiq və təhdid vasitəsidir!”, “Ermənistanın işğalçı siyasətinə göz yuman AŞPA Türkiyə və Azərbaycanı hədəf götürüb” kimi şüarlar səsləndiriblər.

Təxminən bir saat davam edən aksiya insidentsiz başa çatıb.