Azərbaycan diasporunun üçüncü qurultayı keçiriləcək

azerbaycan-diasporunun-ucuncu-qurultayi-kecirilecek
Oxunma sayı: 637

Bu barədə Ümumrusiya Azərbaycan Konqresinin Moskva regional şöbəsinin sədri İlqar Hacıyev məlumat verib.

“Noyabrın 25-də Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) üçüncü qurultayı keçiriləcək. Qurultayın işində iştirak etmək üçün ÜAK-ın Rusiyanın 70 regionundakı şöbələrindən nümayəndələr dəvət edilib”, - deyə İ.Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.

“Bütovlükdə, qurultayın işində təxminən 120 nümayəndənin iştirakı gözlənilir”, - deyə o vurğulayıb.

Diaspor nümayəndəsi bildirib ki, ÜAK-ın nizamnaməsinə əsasən, qurultay beş ildə bir dəfə keçirilir. “Bu qurultayda nizamnaməyə bir sıra dəyişikliklər müzakirə ediləcək, təkliflər irəli sürüləcək, həmçinin mərkəzi şura, rəyasət heyəti və yeni rəhbərliyə seçkilər keçiriləcək”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, ÜAK Rusiyada yaşayan azərbaycanlıların birləşdirilməsini, həyat fəaliyyəti üçün münasib, rahat şəraitin yaradılmasını qarşısına məqsəd qoyub. “Təbii ki, Rusiyada yaşayan bütün azərbaycanlılar vətənlə əlaqələri qoruyub saxlamağa, Azərbaycanı layiqincə təmsil etməyə çalışırlar”, - deyə İ.Hacıyev qeyd edib.

O həmçinin deyib ki, ÜAK artıq on ildir ki, Rusiyada fəaliyyət göstərir, konqresin Rusiyanın 72 regionunda regional şöbələri yaradılıb ki, bu da Rusiya ərazisinin 90%-ni əhatə edir. “Biz Rusiya Federasiyasında yaşayan azərbaycanlıların vahid fəaliyyət proqramı üzərində işləyirik. Əgər azərbaycanlılar birləşsələr, bizim müraciətlərimiz də gücə və təsirə malik olacaqlar”, - deyə o əlavə edib.


Interfax-Azərbaycan