Azərbaycan Dil Qurumu monitorinqin nəticələrini açıqladı

azerbaycan-dil-qurumu-monitorinqin-neticelerini-aciqladi
Oxunma sayı: 779



"Qafqazinfo" xəbər verir ki, monitorinq 2013-cü il iyunun 12-dən 20-ə qədər olan dövrü əhatə edib.

Məlumat üçün bildirək ki, 2011-ci ildə eyni niyyətlə keçirilən monitorinq Bakının mərkəzi küçə və prospektlərini əhatə etmişdi və monitorinqə cəlb olunan reklam lövhələri və xidmət obyektləri adlarının ümumilikdə 92 faizinin əcnəbi dildə və ya dil normalarının pozulmasıyla yazıldığı müəyyənləşmişdi.

Monitorinq bu dəfə yalnız bir küçə ("28 May" küçəsi) istisna olmaqla, paytaxtın mərkəzdən nisbətən kənar ərazilərində aparılıb.

Ümumilikdə 837 ədəd reklam lövhəsi və xidmət obyekti monitorinqə cəlb edilib və foto-video çəkilişlər aparılıb: bunun 412-si reklam lövhəsi və elan, 425-i isə xidmət obyektidir.

Monitorinqin nəticələri şərti olaraq aşağıdakı kimi qruplaşdırılıb:

1. Firma adlarının orijinalda (ingiliscədə) olduğu kimi saxlanılması

Reklam lövhələri: 186 (45,1 %)

Xidmət obyektləri: 106 (24,9 %)

2. Əcnəbi dildə yazılanlar

Reklam lövhələri (elanlar): 79 (19,1 %)

Xidmət obyektləri: 163 (38,4 %)

3. Yanlış yazılanlar

Reklam lövhələri: 65 (15,7 %)

Xidmət obyektləri: 18 (4,2 %)

4. Mənası anlaşılmayan ifadələr

Reklam lövhələri: 12 (2,9 %)

Xidmət obyektləri: 0

Beləliklə, monitorinqə cəlb edilən reklam lövhələrinin 82.8, xidmət obyektlərinin adlarının isə 67.5 faizində əcnəbi dildə və ya dövlət dili normalarının və orfoqrafiya qaydalarının pozulması ilə yazılışı müşahidə olunub.

Monitorinq Qrupunun qənaəti

Monitorinq Qrupu araşdırmaların nəticəsi olaraq aşağıdakı qeydləri nəzərə çatdırır:

1. Alınma sözlər heç bir səbəb olmadan bəzən orijinalda olduğu kimi yazılır. Məsələn, “Online xidmət”, “Avangard”, “Globus”, “Agfarium”, “Granit”, “Romantic” və s.

2. Firma adları və reklam lövhələrində iki dilin qarışığından ibarət anlaşılmaz "birləşmələr"dən istifadə olunur. Məsələn, “İrşad electronics”, “Əlincə Line”, “X ənd R studiosu” və s.

3. Bəzən ana dilində olan adlar “ə” hərfinin “e” hərfinə çevrilməsi ilə yazılır: “Mermer”, “Gözellik salonu”, “Perde evi”.

4. Dövlət idarələrinin adının yazılışında ikinci dil kimi ingiliscədən istifadə olunur və bəzən ingiliscə yazılmış lövhələr birinci asılır.

5. Yol keçidlərində vurulan sitatlarda bəzən orfoqrafik yanlışlıqlara rast gəlinir.

6. Bəzən ali məktəblərə hazırlıq və ya dil kursları elanları da yazı qaydalarının ciddi pozuntusu ilə müşayiət olunur və s.

Monitorinq Qrupu hesab edir ki, bu kimi ciddi yanlışlıqların bir səbəbi reklam lövhələri hazırlayan müəssisələrdə çalışanların dil bilgisizliyindən, firma və nümayəndəlik sahiblərinin ana dilinə laqeydliyindəndirsə, digər səbəbi rəsmi dövlət qurumlarının Azərbaycan Respublikasının Dövlət Dili haqqında Qanununu kobud surətdə pozmasının nəticəsidir.

Qeyd: Monitorinq Azərbaycan Dil Qurumunun AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qalib elan etdiyi layihəsi çərçivəsində həyata keçirilib.