“Azərbaycan dilində anlayıram” - “Zirə”nin legioneri

azerbaycan-dilinde-anlayiram
Oxunma sayı: 1074

"Zirə”nin legioneri Jozef Boum II Topaz Premyer Liqasının V turunda “Neftçi”yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra brifinq keçirib.

“Qafqazinfo” xəbər verir ki, kamerunlu müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

- Oyun necə alındı?

- Bütün oyunlar çətin olur. Ona görə də məşqçilərimiz hər matçdan əvvəl bizə konkret tapşırıqlar verir.

- Rəqibin çətin vəziyyətdə olması qələbənizə nə dərəcədə kömək etdi?

- Düşünmürəm ki, bunun ciddi təsiri oldu. Əksinə, belə vəziyyətdə rəqibin daxilində istək daha böyük olur. Çünki onlar bu vəziyyətdən çıxmaq istəyirlər. Belə halda, onlarla oynamaq çağır olur.

- 2:0-dan sonra dərhal qol buraxdınız. Qələbəni əldən vermə ehtimalıyla bağlı həyəcan var idi?

- İkinci qoldan sonra konsentrasiyanı itirə biləcəyimizdən ehtiyatlandığım üçün komanda yoldaşlarıma xəbərdarlıq edirdim. 2:1-dən sonra əks-hücumlarda fərqi artırma imkanımız oldu.

- Oyundan əvvəl “Neftçi”nin çempionatda “Zirə”ni məğlub edə bilmədiyini demişdilər?

- Açığı, bu haqda məlumatım yox idi, yeni öyrənirəm. Komanda yoldaşım İqbekoyi 50-ci qolunu ötən tur vurdu, onu da yeni öyrənirəm. Birinci dövrədən sonra çox məlumatlı olacam.

- “Qarabağ”ın gücünü bilirsiniz, “Qəbələ”yləsə ötən tur qarşılaşmısınız. Hansı komandaların çempionluq üçün mübarizə aparacağını düşünürsünüz?

- “Neftçi”nin bu qədər problemi olmasına və xallar itirməsinə baxmayaraq, hətta o da çempionluq uğrunda mübarizə apara bilər. Başa düşürəm, “Qarabağ” fərqli oyun göstərir. Ancaq “Qəbələ”, “Neftçi”, “İnter” və təbii ki, biz bu mübarizəyə qoşula bilərik. Çox çətin çempionatınız var.

- Dörd dövrəli sistemlə keçirilən çempionatda oynamısınız, yoxsa ilk dəfə iştirak edirsiniz?

- Əslində, bu, maraqlı və çətin bir yarışdı. Çünki hər kəs bir-birini yaxşı tanıyır və bir mövsüm ərzində 4 dəfə qarşılaşırsan. Amma 18 komandalı çempionatda komandalar bir-biriylə cəmi 2 dəfə qarşılaşır. Hər iki sistem çox fərqlidir.

- Türk dilini bilirsiniz, bəs Azərbaycan dilini öyrənmək istəmirsiz?

- Hər iki dil bir-birinə çox bənzəyir. Sadəcə, Azərbaycan dilində rus dilindən alınma sözlər çoxdur. Amma belədə Azərbaycan dilində danışılanda anlayıram. Hansısa ölkəyə gedirsənsə, dili öyrənməyin lazımdır.