Azərbaycan dilinin qlobollaşması ilə bağlı müzakirə

azerbaycan-dilinin-qlobollasmasi-ile-bagli-muzakire
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, 2012-ci il iyulun 31-də ölkə Prezidentinin “Azərbaycan dilinin qlobollaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” imzaladığı 2236 №-li 23 may 2012-ci il tarixli sərəncamının icrasını həyata keçirmək məqsədilə yaradılan İşçi Qrupunun növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev İşçi Qrupun bu günədək gördüyü işlərdən bəhs edərək onun fəaliyyətini qənaətbəxş hesab edib. O, İşçi Qrupun müxtəlif dövlət qurumlarının və cəmiyyətin müxtəlif sosial zümrələrinin nümayəndələri ilə keçirilən görüşlərə yekun vurulduğunu nəzərə çatdıraraq, bu görüşlərin Dövlət Proqramının hazırlanmasında böyük faydası olduğunu bildirib.

İclasda Dövlət Proqramının hazırlanması üçün irəli sürülmüş təkliflər ətrafında müzakirələr aparılıb və onlar bloklar üzrə ümumiləşdirilərək redaktə edilmək üçün İşçi Qrup üzvlərinə təqdim olunub. Dövlət Proqramı layihəsinin növbəti iclasda keçiriləcək ümumi müzakirəsindən sonra onun müxtəlif nazirlik, dövlət idarə və təşkilat rəhbərlərinə rəy üçün göndərilməsi qərara alınıb.