“Azərbaycan dünyada ilk neft istehsal edən ölkədir”

azerbaycan-dunyada-ilk-neft-istehsal-eden-olkedir
Oxunma sayı: 1186


“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə təşəkkürünü ifadə edib.

Şahzadə Səud Əl-Feysəl Səudiyyə Ərəbistanının qəti siyasi iradəyə malik olaraq, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini diqqətə çatdırıb.

Səud Əl-Feysəl Azərbaycanın dünyada ilk neft istehsal edən ölkə olduğunu deyib. O, Azərbaycanın müasir inkişafının ölkəsini sevindirdiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası dövlətləri, xüsusilə Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib, ölkələrimiz arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun təşəbbüskarı və ev sahibi kimi Səudiyyə Ərəbistanı Krallığı Hökumətinin səylərini yüksək qiymətləndirdiyini qeyd edən Elmar Məmmədyarov Forumun Ərəb Dövlətləri Liqası, Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını və Azərbaycanın bu Forumun işində fəal iştirak etdiyini vurğulayıb.

İqtisadi-ticari əlaqələrin inkişafında nəqliyyat infrastrukturunun xüsusi əhəmiyyətə malik olduğunu deyən Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanın nəqliyyat infrastrukturu imkanları barədə danışıb.

Görüşdə beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin səfərbər edilməsinin vacibliyi qeyd edilmiş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün həmçinin Ər-Riyad şəhərində “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiyaya protokol” imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının maliyyə naziri İbrahim Əbdül Əziz Əl-Əssaf imzalayıblar.