“Azərbaycan Ermənistanla qarşılaşmalı olarsa...” - Elxan Məmmədov

azerbaycan-ermenistanla-qarsilasmali-olarsa
Oxunma sayı: 1475

AFFA-nın baş katibi Elxan Məmmədov milli komandamızın açıq məşqindən sonra brifinq keçirib.

Qurum rəsmisi “Qafqazinfo”nun Antalyaya ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.

- Millidə yeni dövr başlayır. Gözləntiləriniz necədir?

- Millətlər Liqası bizim üçün yeni imkanlar, şanslar yaradır. Artıq rəqiblərimiz də məlumdur. Bəziləri ilə yaxın keçmişdə oynadığımızdan tanış komandalardır. Artıq sabah yeni baş məşqçimiz Qurban Qurbanovun rəhbərliyi altında ilk oyun keçirəcəyik. Yoldaşlıq görüşü olduğundan, əsas məqsəd futbolçuları sınamaqdır. Martda Makedoniya yığmasıyla oyun planlaşdırırıq, ikinci yoldaşlıq görüşümüz də olacaq. Mayın sonu - iyunun əvvəlində fürsətdən yararlanıb bir neçə oyun yenə keçirəcəyik.

- Kosovo ilə oyun Millətlər Liqasında bir qrupa düşdüyümüzdən ləğv olundu. Vaxt az olsa da, başqa axtarışı oldumu?

- Püşkdən sonra baş məşqçi ilə məsləhətləşib oyunu keçirməməyi qərara aldıq. Kosovo tərəfi də bu istəyini bildirdi və qarşılıqlı razılıqla oyunu ləğv etdik. Yeni komanda tapmaq olardı, amma bu, klub olacaqdı. Bunu baş məşqçiylə müzakirə etdik və milli komanda olmadığı üçün razılaşmadıq.

- Kosovo ilə səfər oyunu hansısa diplomatik problemlər yaratmayacaq?

- Kosovo idman qurumu olaraq BOK, FİFA və UEFA üzvü olaraq artıq Azərbaycana səfər edib. Bildiyiniz kimi, U-21 komandaları da Bakıya gəlib, ötən ilin sonunda rəsmi oyun keçirmişik. Bu addımı atmamışdan qabaq Xarici İşlər Nazirliyimizlə dəqiqləşdirdik və UEFA-ya bildirdik. Oyundan öncə bir daha nazirliyimizlə məsləhətləşəcəyik. Fikrimcə, bir problem olmayacaq.

- Bir neçə baş məşqçi ilə çalışmısınız. Budəfəki millidəki ab-hava baxımından hansısa dəyişiklik yaradıbmı?

- Bundan əvvəlki iki əcnəbi baş məşqçi ilə işlədik - Berti Foqts və Robert Prosineçkiylə. Onları bura gələnədək tanımırdıq. Amma Qurban müəllimi 10 ildir ki, yaxından tanıyırıq. Əvvəl də futbolçu kimi azarkeşlik edirdik. İndi bilirəm ki, sürprizlər olmayacaq. Əcnəbi mütəxəssislərlə bağlı isə həmişə hansısa gözlənilməzlik olurdu. Əsas məsələ uzunmüddətli düşüncələr, planlar və bütün yaş qrupları üzrə yığmaların eyni sistemlə oynamasıdır.

- Millətlər Liqasındakı rəqiblərimizə baxarkən futbol ictimaiyyətində belə fikir yaranıb ki, bu qrupdan mütləq çıxmalıyıq. Baş katib olaraq siz bu haqda nə düşünürsünüz?

- Məqsədimiz qrupda 1-ci yeri tutmaqdır. Düşünürəm ki, komanda bunu bacaracaq gücdədir. Düzdür, rəqiblərimizi də nəzərə almalıyıq. Farer adaları yığmasını hesabdan silməməliyik. Son vaxtlar sürpriz nəticələriylə Avropanı təəccübləndirir. Kosovo isə yeni federasiyadır.

- 2018-ci il dünya çempionatının seçmə mərhələsinə milli komandamız “Niyə də yox?” şüarı ilə başlamışdı. Bu dəfə hansı şüar olacaq?

- Bu barədə marketinq şöbəmizin əməkdaşları düşünürlər. “Niyə də yox?” ölkədə çox populyar oldu. Düzdür, millimiz üçün seçmə mərhələnin sonu uğursuz olduğuna görə şüar axırda komik format aldı. Ancaq buna baxmayaraq, atılan addım özünü doğrultmuşdu.

- “Neftçi” bir vaxtlar böyük uğurlar qazanırdı, ardıcıl çempion olurdu, Avropa Liqasının qrupuna düşmüşdü. Ancaq AFFA kluba müdaxilə etdi və həmin vaxtdan eniş başladı. Sizcə, bu müdaxilə labüd idimi?

- İlk növbədə onu deyim ki, AFFA “Neftçi”yə heç bir müdaxilə etmədi. Nə de-fakto, nə də de-yure. Sadəcə, komanda nəticə verəndən sonra formasını itirməyə başladı. AFFA-nın digər klublara müdaxiləsi olub. Məsələn, “Sumqayıt”a. Bu da maliyyələşməklə bağlı və hüquqi sənəddə əksini tapmalı idi. Konkret “Neftçi” ilə bağlı belə hal baş verməyib. Ümid edirik ki, bu komanda yenidən əvvəlki vəziyyətinə gələcək.

- Millimizin daha əvvəlki baş məşqçilərinin AFFA-dan tələbləri çox idi, yoxsa Qurban Qurbanovun?

- Elə də böyük fərqi yoxdur. Baş məşqçilər ilk gündən öz tələblərini ifadə edirlər. Biz də baxırıq və qəbul edirik. Qurban müəllim də tələblərini bildirdi və bu proses davam edir. Burda qeyri-adi bir şey yoxdur. Əsas odur ki, müəyyən standart var.

- Adətən yerli məşqçilərlə əcnəbi mütəxəssislər onlara yaradılan şəraitdə fərqlər olur. Bu dəfə də belə olacaq?

- 2018-ci ilin büdcəsini artıq təsdiq etmişik və heç bir dəyişiklik yoxdur. Həminki rəqəmlərdir. Bu məsələ daha çox baş məşqçinin özündən asılıdır. Onun öz tələbləri varsa, bunu edəcək və işəgötürən də bunu icra edəcək.

- Millətlər Liqasında qrupda Ermənistanla düşməyəcəyimiz əvvəldən bəlli idi. Ancaq sonrakı mərhələyə çıxsaq, yolumuz kəsişəcək. Bunu istərdinizmi?

- Bu, problemli oyundur. Canlı yayım, sponsor problemləri var. Püşkə görə Ermənistanla qrup mərhələsində düşə biməzdik. Ancaq növbəti mərhələdə rəqib olacağıq. UEFA bizə şifahi olaraq xəbərdarlıq etdi ki, bu qarşılaşma baş versə, məsələyə İcraiyyə Komitəsi qarışacaq. Bu, oyunun olub-olmamağı, harda olacağı və sair məsələlərlə bağlıdır. Amma futbol elədir ki, yekunda FİFA və UEFA-nın tövsiyələrini nəzərə alacağıq, laızm olan edəcəyik. Neytral meydançada olsa da, matç baş tutacaq.

- Bəs futbolda kim güclü olacaq?

- Bu, meydançada görsənəcək. Gəlin, öncə qrupda 1-ci yer tutaq, sonra bu haqda danışarıq.