“Azərbaycan fantastik komandadır” - Malta millisinin baş məşqçisi

azerbaycan-fantastik-komandadir
Oxunma sayı: 2503

“Yaxşı oyun sərgilədik. Hələ də fikirləşirəm ki, Azərbaycan yaxşı komandadır.  Bu nəticəni qənaətbəxş saymaq olar”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi Ray Farruciya UEFA Millətlər Liqasında Azərbaycanla 1:1-lik bərabərlikdən sonra kedçirilən mətbuat konfransında deyib.

63 yaşlı çalışdırıcı oyun barədə bunları bildirib:

“Rəqib meydanında həm qol vurduq, həm xal qazandıq. Futbolçularım meydanda sona qədər döyüşdülər. Bir neçə gün öncə çətin oyun keçirdiyimizi nəzərə alsaq, futbolçularımdan razı qaldım”.

- Komanda Kosovoya məğlubiyyətdən sonra çox tənqid olundu. Amma bu gün bizdən reytinqdə irəlidə olan komandadan xal aldı. Komandanı tənqid edənlərə hansısa sözünüz var?

- Futbolda tənqidlər olur. Hər kəsin öz fikrini bildirməyə haqqı var. Mən tənqidlərdən motivasiya alıram. Bizim çox gənc oyunçularımız var və daha yaxşı olacağımıza əminəm. Doğru yolda olduğumuzu gələcəkdə görəcəksiniz. 

- Gənc futbolçuların oyunundan razı qaldınız?

- Fəlsəfəmizi dəyişməyin vaxtıdır. Komandamızda həm gənc, həm yaşlı futbolçular olacaq. Rəqibə qarşı hücum futbolu oynamaqdan çəkinmədik. Gənc futbolçuların oyunundan razı qaldım. Nəzərə almaq lazımdır ki, Azərbaycan fantastik komandadır.

- Kosovoya məğlubiyyətdən sonra verdiyiniz açıqlamalarda komandanıza inandığınızı bildirmişdiniz. Sizdəki inam nədən yaranırdı?

- Mən heç zaman təslim olmuram. Etdiklərimə inanıram, xüsəsən də işlər yolunda getməyəndə. Maltanın baş məşqçisi olmaq çox çətindir. İnanıram ki, doğru yolda irəliləyirik.

- Qrupdakı hər iki xalınızı Azərbaycandan aldınız. Rəqibin hansı zəif nöqtəsini tapmısınız?

- Hər oyunun öz hekayəsi var. Azərbaycan yaxşı komandadır və onlara qarşı hər iki oyunu yaxşı keçirdik. Ən yaxşı oyunumuzu Farer adalarına qarşı keçirmişik, lakin məğlub olmuşuq. Bugünkü nəticəyə yox, futbolçularımın yaxşı oyununa görə sevinirəm.