Azərbaycan fındığı Avropa bazarına çıxarıla bilər

azerbaycan-findigi-avropa-bazarina-cixarila-biler
Oxunma sayı: 681

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib ki, Azərbaycanın fındıq istehsalının həcminə görə, dünya miqyasında Türkiyə və İtaliyadan sonra 3-cü yerdədir. Z. Qasımov fındıq ixracının stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulların potensial bazarlara çıxarılmasında sahibkarlara sistemli dövlət dəstəyi tədbirlərinin davam etdirildiyini qeyd edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Vidadi Quliyev, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihə rəhbəri Mark Bekmann və İstehlak Mallarının Ekspertizası Bürosunun nümayəndələri isə çıxışlarında Azərbaycanda özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini qeyd edib, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Tədbirdə həmçinin, Azərbaycandan fındıq, qoz, şabalıd, qurudulmuş meyvələr kimi məhsulların alınmasında maraqlı olan Almaniyanın “Schlüter&Maack” şirkətinin həmtəsisçisi Can Blase tərəfindən təqdimatlar keçirilib, Avropa bazarlarına, o cümlədən Almaniya bazarına məhsulun ixracı üçün əsas tələblər, keyfiyyət standartlarının tətbiqi, fındıq emalı məhsullarının rəqabətqabiliyyətinin daha da artırılması istiqamətində ixracatçılara tövsiyələr verilib.

Sonda İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri sahibkarları maraqlandıran sualları cavablandırıblar. Tədbir iştirakçıları daha sonra “BakFem” MMC-də istehsal prosesi ilə tanış olublar.