Azərbaycan Fransada 135 milyon avroluq mülk aldı

azerbaycan-fransada-135-milyon-avroluq-mulk-aldi-
Oxunma sayı: 670

ARDNF-dan "APA-Economics"ə verilən məlumata görə, daşınmaz əmlak obyektinin satıcısı qismində daşınmaz əmlak üzrə investisiya meneceri kimi fəaliyyət göstərən “AXA Real Estate Investment Managers” şirkəti, ARDNF-ın hüquq məsləhətçisi kimi “Allen&Overry” və broker olaraq “Cushman Wakefield” şirkətləri çıxış edib.

«Bu investisiya Fondun dünyanın bir sıra önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərində yerləşən kommersiya daşınmaz əmlakı üzrə yüksək diversifikasiya olunmuş investisiya strategiyasına uyğun olaraq həyata keçirilib. Paris şəhərinin Avropanın ən böyük ofis daşınmaz əmlak bazarına malik olması, ARDNF-ın ilkin daşınmaz əmlak investisiyalarından birinin məhz bu şəhərdə həyata keçirilməsində mühüm rol oynayıb» - deyə fondun məlumatında deyilir.


Vandom meydanı Parisin ən görkəmli yerlərindən biri olub, şəhərin əsas mərkəz-biznes ərazisi hesab olunur. Yüksək biznes profilinə malik şirkətlərin ofislərinin və lüks mağazaların təmərküzləşdiyi bu ərazi həm daxili, həm də xarici investorlar tərəfindən ciddi maraqla qarşılanır və yüksək icarə haqları ilə səciyyələnir. Özünəməxsus və zəngin memarlıq üslubuna malik olan bu meydan fransız klassikasının önəmli arxitekturalarından biri hesab olunur.


Bina XVIII əsrdə inşa edilib və hazırda əsasən ofis, eləcə də ticarət və yaşayış məqsədləri ilə istifadə edilən görkəmli tikilidən, eləcə də 1950-ci illərdə tikilmiş ofis binasından ibarətdir. 1712-ci ildə klassik fransız barokko üslubunda tikilmiş bina Kral XIV Luinin şərəfinə inşa edilmiş məşhur Vandom meydanının bir hissəsidir. Binanın ümumi sahəsi 5400 kv. metr olub, ofis, ticarət və yaşayış sahələri kimi bir sıra nüfuzlu şirkətlərə, o cümlədən bir sıra maliyyə və hüquq xidməti şirkətlərinə, eləcə də zərgərlik məmulatları istehsal edən məşhur şirkətlərə icarəyə verilib.


ARDNF-ın Vəsaitlərin idarə edilməsi müdiriyyətinin müdiri İsrafil Məmmədov binanın alınmasını şərh edərkən bildirib ki, fond son iki daşınmaz əmlak investisiyası ilə artıq Avropanın iki əsas iqtisadi mərkəzlərində - London və Paris şəhərlərinin daşınmaz əmlak bazarlarında təmsil olunub: “Gələn ildə də ARDNF güclü fundamental bazar əsaslarına söykənən dünyanın önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərində yüksək icarə haqları ilə səciyyələnən, müasir maddi-texniki təchizatla təmin olunmuş ofis binalarının alınmasını həyata keçirərək kifayət qədər diversifikasiya olunmuş daşınmaz əmlak portfelinin yaradılması istiqamətindəki işlərinə davam edəcək”.


Qeyd edək ki, 1 dekabr 2012-ci il tarixinə ARDNF-ın vəsaitlərinin ümumi həcmi 33 895 mln. ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilib. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.