“Azərbaycan futbolu Bakıda cəmləşib” - Millimizin sabiq xanım məşqçisi

azerbaycan-futbolu-bakida-cemlesib
Oxunma sayı: 1585

Azərbaycan qadınlardan ibarət millisinin sabiq baş məşqçisi Patrisia Qonzales İspaniya mətbuatına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, Çempionlar Liqasında baş tutacaq “Qarabağ” – “Atletiko” oyunundan öncə Azərbaycan futbolundan danışıb:

- İspaniyalı məşqçi üçün Azərbaycanda işləmək necədir?

- Sonda peşəkar bir məşqçi kimi ilk dəfə ölkə xaricində işlədim. Fikrimcə, işimin də öhdəsindən gəldim. Bu mənim üçün gözəl bir imkan idi. İspaniyada peşəkar kimi çalışmaq çətin idi. Amma Azərbaycanda o qədər də yox. Əlimə düşən fürsəti dəyərləndirdim. Mənim böyümək və yeni qapılar açmaq fikrim var idi. Bu da şans idi. Sonra isə ordan ayrıldım. 

- Orada nə iş gördünüz?

- Bilirsiz, çox iş gördüm. Ən əsası özümə xeyri oldu. İspaniyada peşəkar statusu qazanmaq çətindir və mürəkkəb işdir. Mən də bunu Azərbaycanda etdim. Dayanmadan məşqlər elədim. Dərslər keçirdim. 

- Azərbaycanda U-21 və U-19 komandalarında ümumilikdə 3 il işlədiniz. Diqqətinizi nə cəlb etdi?

- İlk il çox mürəkkəb idi. Çox fərqli ab-hava və mühit var idi. Əvvəlcə mən ora uyğunlaşmalı idim. Çünki şəxsi mənada bu asan deyil. Lakin məqsədə nail olmaq üçün öhdəsindən gəldim. Ordan çətin gecələrim olurdu. 

- Futbol necədir?

- Kişi və qadın futboluna böyük pullar yatırılır. Gənc komandaların rəqabəti var. Klublar arasında da mümkün qədər yaxşı oyunlar olur. Oyun səviyyəsində özünəməxsus stilləri var. Çünki Azərbaycan Sovet respublikası olub və ordan gələn bir irs var. Bu oyunçular və məşqçilər arasındakı əlaqələrdə də özünü göstərir. Adətən soyuq bir əlaqə olur. Çox avtoritarizmdir. Neft şirkəti futbola sərmayə yatırır. Ölkədə futbolun inkişafı üçün müxtəlif yollar axtarılır. Çünki Azərbaycan “Atletiko”nu da maliyələşdirirdi. Bu ölkənin imicidir. 

- Azərbaycanda futbolun yeri hardadır?

- Burada ümumiyyətlə, idman inkişaf edir. Fərdi döyüş növlərinin ənənəsi var. Məsələn, boks, güləş kimi növlərdə böyük uğurlar qazanıblar. Amma futbol cəmiyyət üçün tam aydın deyil. İspan liqasında hər kəs stadiona gəlir. Amma Azərbaycanda elə deyil.

- “Qarabağ”ın ÇL-in qrup mərhələsində oynaması ölkə futboluna nə dərəcədə xeyir edəcək?

- Çox böyük və əhəmiyyətli uğurdur. Azərbaycanda futbolun səviyyəsini yüksəldən legionerlərdir. Digər ölkələrdən gələn məşqçilər də buna kömək edir. Amma bu uğurlar gələcək üçün faydalıdır. “Qarabağ”ın uğurunu görəndə komandada oynayan ispanlara görə deyil, Azərbaycan futboluna görə xoşbəxt oldu.  UEFA –nın 2019-cu ildə keçiriləcək Avropa Liqası finalını da bu ölkəyə verməsi də adi hal deyil. 

- “Atletiko”nun oynayacağı stadion möhtəşəmdir...

- Orada U-19 qadınlar arasında beynəlxalq matçlardan bir neçəsini oynamışıq. Əla quruluşa sahib arenadır. 

- Ancaq maraqlı olan odur ki, Azərbaycanda yalnız 8 komandası olan bir çempionat var?

- Azərbaycanda futbol demək olar ki, paytaxt Bakıdadır. Bütün klublar paytaxta qaçır. Çünki digər bölgələrdə infrstruktur qurmaq üçün imkan yoxdur. Belə ölkədə az sayda komanda olması normaldır. Burada 12, 14 və ya 16 komanda ilə yüksək rəqabət yaratmaq çətindir. Liqanın yüksəlməsi onların Avropadakı uğurlarına da kömək edə bilər. 

- Azərbaycan futbolu necə dəyişdi?

- Məncə, orada tez-tez təlimlərin olması buna kömək etdi. UEFA da onlara yardım göstərdi. Azərbaycan bir sovet təhsilinə malik ölkədir.