Azərbaycan gömrükçüləri ABŞ-da təlimlərə qatıldı - Fotolar

azerbaycan-gomrukculeri-abs-da-telimlere-qatildi
Oxunma sayı: 1685

Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti aprelin 22-dən Amerika Birləşmiş Ştatlarında səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətinə DGK Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov rəhbərlik edir.

Səfər ABŞ Dövlət Departamentınin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə təcrübə mübadiləsi və praktiki təlimlərin keçirilməsi məqsədilə təşkil olunub.

DGK-nın 12 nəfərdən ibarət nümayəndə heyəti üçün praktiki təlimlər ABŞ-ın Nyu-York ştatının Con Kennedi adına Beynəlxalq Hava Limanında keçirilir.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı Azərbaycanda 1999-cu ildən icra olunur və bu layihə çərçivəsində Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.

Proqram üzrə təcrübə mübadiləsi və praktiki təlimlər aprelin 26-dək davam edəcək.

Qeyd edək ki, İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə DGK əməkdaşlarına indiyədək gömrük işi sahəsində ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müxtəlif mövzularda beynəlxalq və milli təlimlər, eləcə də seminarlar təşkil edilib.