Azərbaycan Gürcüstanla birgə çempionat keçirəcək?

azerbaycan-gurcustanla-birge-cempionat-kecirecek
Oxunma sayı: 639

“Qafqazinfo” xəbər verir ki, bu sözləri apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinavanın Azərbaycan və Qazaxıstanla birgə çempionat keçirmək ideyası ətrafında müzakirələr səngimək bilmir. Bununla bağlı müxtəlif fikirlər səsləndirilsə də, AFFA rəsmi mövqe bildirməyə tələsmirdi.

“Gürcüstanlılar bizimlə söhbətdə belə bir ideyalarının olduğunu dedilər. Biz də bildirdik ki, fikirləşmək olar, ancaq bu, gələcəyin söhbətidir. Yəni, onların səsləndirdiyi təklifin hələ heç təhlili olmayıb. Gürcüstan Futbol Federasiyasındakı dostlarımızla növbəti görüşümüzdə birgə çempionatı müzakirə edəcəyik. Ancaq hələlik bu istiqamətdə ciddi bir iş aparılmır” – deyə, Məmmədov bildirib.

Baş katibin sözlərinə görə, ideyanın maraqlı olmağı hələ onun gerçəkləşməyi anlamına gəlməməlidir: “İdeya ola bilsin bizim üçün maraqlı, cəlbedici olsun. Ancaq bunun arxasında böyük bir hazırlıq işləri, xərc, FİFA və UEFA-nın mövqeyi durur. Bir sözlə, problemlər çoxdur. İdeya hansısa azarkeş üçün maraqlı görünə bilər ki, Azərbaycan klubları Gürcüstan komandaları ilə oynayacaq. Ancaq bu işin arxasında xeyli problemin olduğunu nəzərə almaq lazımdır”.