Azərbaycan Gürcüstanla konsulluq məsləhətləşmələri aparıb

azerbaycan-gurcustanla-konsulluq-meslehetlesmeleri-aparib
Oxunma sayı: 662

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, məsləhətləşmələrdə Azərbaycan Respublikası nümayəndə heyətinə XİN-nin Konsulluq İdarəsinin rəisi Mehriban Nəcəfova, Gürcüstan nümayəndə heyətinə isə Gürcüstan XİN_nin Konsulluq Departamentinin direktoru Qioqri Tabatadze başçılıq edib.

Məsləhətləşmələr zamanı Azərbaycan Respublikasında və Gürcüstanda yaşayan tərəflərin vətəndaşlarının hüquqi vəziyyəti, hər iki ölkədə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu, miqrasiya proseslərini tənzimləyən qanunvericilik aktları və onlara edilmiş son dəyişikliklər haqqında məlumat mübadiləsi aparılıb.

Eyni zamanda, hər iki ölkə vətəndaşlarının qarşılaşdıqları çətinliklər və onların həlli yolları, ikili vətəndaşlıq və vətəndaşsızlıq hallarının aradan qaldırılması, cəzaçəkmə müəssisələrində cəza çəkən, tərəflərin vətəndaşı olan məhkumların verilməsi, onlara hüquqi yardımın göstərilməsi istiqamətində əməkdaşlıq kimi vacib məsələlər müzakirə edilib.
Məsləhətləşmələrdə Azərbaycan Respublikası nümayəndə heyətinin tərkibində - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Gürcüstan nümayəndə heyətinin tərkibində isə - Gürcüstan Xarici İşlər, Daxili İşlər və Ədliyyə nazirliklərinin, eləcə də Gürcüstanın Bakıdakı Səfirliyinin əməkdaşları iştirak ediblər.
Məsləhətləşmələrin sonunda tərəflər arasında müzakirə olunan məsələlərə dair niyyət protokolu imzalanıb.



Səidə