Azərbaycan həbsxanalarında avtoritetlər lotuluğa başladılar

azerbaycan-hebsxanalarinda-avtoritetler-lotuluga-basladilar-
Oxunma sayı: 647



Kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifov və Rövşən Lənkəranskinin (Canıyev) tərəfdarları arasında nüfuz savaşı yenə də qızışıb. “Qafqazinfo” Aznews.az saytına istinadən xəbər verir ki, dünən bununla bağlı Kürdəxanı istintaq təcridxanasında növbəti qanlı toqquşma baş verib. Lotu Qulinin tərəfdarları ilə Rövşən Lənkəranskinin adamları arasında baş verən toqquşma Kürdəxanıda fövqəladə vəziyyət yaradıb. Savaşın qarşısını almaq üçün istintaq təcridxanasına polis qüvvələrinin yeridildiyi bildirilir.

Qeyd edək ki, kriminal aləmdəki bu toqquşmanın “episentri” nədənsə həmişə Kürdəxanı təcridxanası olur. Bu barədə izahat verən mənbənin sözlərinə görə, səbəb təcridxananın neytral ərazi olması, saxlanılanların hələ həbs edilib-edilməyəcəyinin bilinməməsi, bura yatab və köçürmələrin aparılmasının mümkünsüzlüyüdür.

“Həbsxanalardan fərqli olaraq, istintaq təcridxanasında vəziyyət başqa cürdür və burada tez-tez dəyişən tərkib münasibətləri sona qədər aydınlaşdırmağa imkan vermir. Ona görə də ən qaynar məqam Kürdəxanı təcridxanasıdır”.

Mənbə yaralananlar və təfərrüatla bağlı geniş məlumat verməsə də, hazırda Kürdəxanıda fövqəladə vəziyyət olduğunu və nəzarətçilərin gücləndirilmiş iş rejimində çalışdıqlarını söylədi. Ədliyyə polisləri tez-tez baş verən bu toqquşmaların nəzarətdən çıxmasından çox narahatdır.

Xatırladaq ki, bir neçə gün öncə “Qafqazinfo”da Kürdəxanı təcridxanasında kütləvi bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, Lotu Qulinin tərəfdarları Rövşən Lənkəranskinin adamlarına yüngül xəsarət yetirməklə “obşak”a nəzarətin dəyişməsi xəbərdarlığını ediblər. Hətta Rövşən Lənkəranskinin “qanuni oğru” adından məhrum edilməsi və bu işin “Qoca” ləqəbli “oğru”nun təşəbbüsü ilə həyata keçirildiyi bildirilirdi.